Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Eynulla Vəliyev məhkəməyə cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatət verib.
Vəkil deyib ki, bu cinayət işində qanun pozuntularına yol verilib: “Bu pozuntularla məhkəmə cinayət işini icraata götürə bilməz. Diplomatlar nadir hallarda həbs edilir. Diplomatın ölkədə həbs edilməsi üçün bir neçə nüanslar var. Bununla bağlı Xarici İşlər Nazirliyi xüsusi qərar verməlidir”.
Vəkil, həmçinin müvəkkili barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib.
O, qeyd edib ki, ilk vəsatəti təmin edilmədiyi təqdirdə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənsin.
Ramiz Vəliyev vəkillə razı olduğunu deyib.
Dövlət ittihamçısı bildirib ki, iş materiallarına vəkilin qeyd etdiyi bütün zəruri sənədlər daxil edilib.
Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını və işin baxışa verilməsini xahiş edib.