Müəllif: Ləman Zeynalova
Mənbə: Trend
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü keçirilir. Görüşün əsas mövzularından biri enerji təhlükəsizliyi və "yaşıl" enerjinin inkişafı olub. Tacikistan Prezidenti Emoməli Rəhmon sammitdə çıxışı zamanı İƏT çərçivəsində vahid regional enerji bazarının yaradılması təklifi ilə diqqət çəkib.
Prezident Rəhmon bildirib ki, Tacikistan təşkilata üzv ölkələrin enerji sistemlərinin birləşdirilməsinə dair layihələrin həyata keçirilməsini dəstəkləyir. Xüsusilə Tacikistan və Qırğızıstanı Əfqanıstan və Pakistanla birləşdirəcək "CASA-1000" elektrik ötürücü xəttinin əhəmiyyətini vurğulayıb və layihənin bir mərhələsinin - Qırğızıstan ilə Tacikistan arasında 500 kV-luq "Datka-Süqd" xəttinin işə salındığını qeyd edib.
"Eyni zamanda, biz İƏT çərçivəsində regional enerji bazarının formalaşdırılmasında maraqlıyıq. Bu kontekstdə regionun enerji dayanıqlılığı strategiyasının hazırlanması çox aktual məsələdir. Bu cür layihələrin həyata keçirilməsi "yaşıl" enerjinin istehsalı və ixracının artmasına, ümumilikdə isə yaşıl iqtisadiyyatın təşviqinə xidmət edəcək", - Prezident Rəhmon qeyd edib.
Vahid enerji bazarının yaradılması İƏT ölkələri üçün strateji addım ola bilər. Bu ölkələrin zəngin enerji resursları mövcuddur: Azərbaycan, Türkmənistan və Qazaxıstan böyük neft və qaz ehtiyatlarına, Qırğızıstan və Tacikistan güclü hidroenerji potensialına, Özbəkistan isə həm qaz, həm də günəş enerjisi sahəsində inkişaf strategiyasına malikdir.
Bu prosesdə Azərbaycan xüsusi yer tutur. Azərbaycan regionları birləşdirən genişmiqyaslı enerji layihələrini həyata keçirir və regional enerji bazarının qurulması üçün infrastruktur əsası yaradır. Ən mühüm layihələrdən biri Azərbaycanın Qazaxıstan və Özbəkistanla birlikdə həyata keçirdiyi Trans-Xəzər "yaşıl" enerji dəhlizidir. Bu dəhliz Xəzər - Qara dəniz - Avropa və Azərbaycan - Türkiyə - Avropa "yaşıl" marşrutları və interkonnektorları ilə inteqrasiya olunmaqla, Asiyanı Avropa ilə birləşdirən Orta Dəhliz vasitəsilə bərpa olunan enerjinin genişmiqyaslı və fasiləsiz ötürülməsinə imkan yaradır.
"Yaşıl" enerji interkonnektorları regionun enerji sistemlərinin qarşılıqlı dayanıqlılığını təmin etməklə günəş və külək enerjisinin səmərəli istifadəsinə və effektiv tədarükünə xidmət edən əsas infrastruktur elementi rolunu oynayır.
Bundan əlavə, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında qabaqcıl rol oynayır - ölkə həm öz enerji resurslarını ixrac edir, həm də dost ölkələrin resursları üçün tranzit imkanları yaradır. İƏT ölkələrindən Avropaya enerji resurslarının ən səmərəli və cəlbedici marşrutları məhz Azərbaycan ərazisindən - Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa xətti ilə keçir.
Beləliklə, Tacikistanın İƏT platformasında regional enerji bazarının yaradılması təşəbbüsü enerji təhlükəsizliyinin gücləndirilməsi, "yaşıl" enerjinin ixracının artırılması, yaşıl iqtisadiyyatın təşviqi və region ölkələrinin inteqrasiyasının dərinləşdirilməsi üçün yeni imkanlar açır. Azərbaycanın enerji və tranzit mərkəzi kimi iştirak etdiyi infrastruktur layihələrinin birgə icrası İƏT-in Avrasiyanın aparıcı inteqrasiya təşkilatı kimi rolunu daha da artıracaq.