ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilərək həbs edilən Bakı şəhər sakinləri Mövsüm Məmmədov və Sənan Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Oxu.Az-ın məlumatına görə, prosesdə ittiham aktı elan olunub.
İttihama görə, hadisə ötən ilin sonunda Bakının Nizami rayonu ərazisində baş verib. Bakı şəhər sakinləri - 2006-cı il təvəllüdlü M.Məmmədov və tanışı, 2007-ci il təvəllüdlü S.Tağıyev gecə saatlarında küçədə paytaxt sakini R.İsmayılova hücum ediblər. M.Məmmədov özü ilə gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış xəncəri R.İsmayılovun boğazına dirəyərək ondan üstündə olan əşyaları tələb edib. R.İsmayılov ona müqavimət göstərərkən xəncər əlini kəsib. Müqavimətlə heç nəyə nail ola bilməyən zərərçəkmiş üzərində olan 650 manatlıq telefonu və 30 manat pulu təqsirləndirilən şəxslərə təhvil verib.
Təqsirləndirilən şəxslər hadisə yerindən qaçandan sonra o, Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng vuraraq hadisə barədə məlumat verib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat zamanı M.Məmmədov və S.Tağıyev saxlanılıblar.
Samir Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.