AZ

“Azərbaycan imperiya stereotiplərini dəf edərək bölgədə yeni presedent yaratdı” – Deputat

"Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndində öz işinə başlayan Sammiti, əslində, dünya siyasətində Müzəffər Ali Baş Komandanımızın yaratdığı növbəti presedentdir. Birinci presedent budur ki, BMT yaranandan üzü bəri, onun Təhlükəsizlik Şurasının 5 daim üzvündən üçünün açıq şəkildə qarşı çıxmalarına rəğmən, Azərbaycan həmin qurumun qətnamələrini yerinə yetirən tək dövlətdir. İkincisi isə odur ki, son 30 ildə terror yuvasına çevrilmiş, ondan xeyli əvvəl isə çar Rusiyasının regiona gəlişi ilə Qafqazda qarşıdurma ştilxanasına dönmüş Xankəndidə bu gün Şimali Kipr liderinin Mərkəzi Asiya ölkələrinin rəhbərləri ilə birgə qatıldığı yüksək səviyyəli beynəlxalq tədbir keçirilir. Bu sammit həm də türk dünyasının birliyinə, onun güc mərkəzi olaraq formalaşmasına öz töhfəsini verən bir hadisədir".

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib.

O bildirib ki, bəzi böyük güclərin də yaxından və birbaşa dəstəyi ilə münaqişə rəmzi sayılan Qarabağın necə dəyişdiyini, onu adı çəkiləndə göz önünə indi görünməmiş quruculuq, sülh və dayanıqlı inkişaf, beynəlxalq əməkdaşlıq, kooperasiya platforması gəldiyini görmək çox qürurvericidir: "Demək ki, dövlətin böyüklüyü torpaq ələ keçirməsi ilə yox, bu qəbildən olan addımlar nəticəsində xarabazarlığa çevrilən yerləri çox qısa müddətdə yaşayış, turizm, təhsil üçün cəlbedici edə bilməsi ilə ölçülməlidir. Elə bu Zirvə həm də onu göstərmirmi ki, Azərbaycana imperiya stereotiplərindən yanaşanlar nə qədər yanılış yoldadırlar və etdikləri Danninq-Krüqer hipotetik effektinin bütövlükdə dövlət səviyyəsində təzahürüdür. Ona görə təzahürüdür ki, imperiya mərəzindən qurtula bilməyənlər özləri düşündükləri kimi ağıllı olsa idilər, sadəcə Özbəkistanın Bakıda yeni səfirliyinin açılışı zamanı cənab İlham Əliyevin bir xatırlatmasına diqqət yetirmələri bəs edərdi. Prezidentimiz Ulu Öndərin hələ 2001-ci ildə Özbəkistana səfirlik üçün yer ayrıdığını, 20 ildən artıq orada heç bir tikinti aparılmadığı və ora göz dikənlərin çox olduğu halda səbirlə qardaş ölkənin gəlib işə başlayacağı günün gözlənildiyini bildirdi. Ağdamda Muğam Mərkəzinin açılışındakı çıxışında da növbəti dəfə vurğuladığı kimi Heydər Əliyev yolundan bir addım da qırağa çıxmayan, onun irsinə, qərar, istək və nəsihətinə son dərəcə həssaslıqla yanaşan almaz iradəli bir liderin kimlərinsə təzyiqlərinə, imperiyanı bərpa cəhdlərinə boyun əyəcəyini düşünmək mümkündürmü? Dövlət başçımız hələ SSRİ mövcudkən 1991-ci il martın 7-də Milli Məclisdə Ulu Öndərin “əgər digər respublikalar İttifaqda qalsalar belə Azərbaycan oradan çıxmalı, onlarla ikitərəfli əlaqələr qurmalıdır” sözlərini unuda bilərmi? Bu gün baş verənlər də təsdiqləyir ki, əsla!  Və bu gün baş verənlər, yəni imperiya təkəbbürü göstərənlərinin qətiyyətlə yerlərində oturdulması, əslində, Heydər Əliyevin bütün riskləri öz üzərinə götürərək Mərkəzi Asiyadakı qardaşlarımızın da ölkələrinin karbohidrogen ehtiyatlarından ancaq öz milli çıxarlarına uyğun şəkildə faydalanmalarının yolunu açması və onların dünya bazarına çıxarılması üzərindəki inhisarı darmadağın etməsinin başqa bir müstəvidə təkrarlanmasıdır".

Mürtəza
Ölkə.az

Seçilən
10
50
olke.az

10Mənbələr