AZ

Növbəti İƏT forumunun yeri və tarixi məlum olub

İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti zirvə-görüşü 2027-ci ilə planlaşdırılıb və İranda keçiriləcək.

Day.Az bildirir ki, Trend bu barədə təşkilata istinadən xəbər verir.

"Baxış planına əsasən, növbəti İƏT Zirvə görüşü 2027-ci il üçün planlaşdırılıb və İran İslam Respublikasında keçiriləcək. Bu, regional əməkdaşlıq və tərəqqiyə doğru irəliləyişi davam etdirməyə imkan verəcək", - deyə İƏT-in açıqlamasında qeyd olunub.

Qeyd edilir ki, Xankəndidə keçirilən İƏT-in 17-ci Zirvə görüşü üzv dövlətlərin davamlı iqtisadi artıma, regional inteqrasiyanın dərinləşdirilməsinə və inklüziv inkişafa sadiqliyinin möhkəmləndirilməsi üçün mühüm platformaya çevrilib. Zirvə toplantısında əlamətdar hadisə - Qazaxıstan Respublikasının İƏT-in Bakıda yerləşən Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalaması olub.

Bundan əlavə, sammit çərçivəsində bir sıra çoxtərəfli forumlar da keçirilib. 1 iyul tarixində Ağdamda "Gənclərin dayanıqlı və iqlimədavamlı gələcəyin qurulmasında rolunun gücləndirilməsi" mövzusunda İƏT Gənclər Forumu baş tutub. Ardınca, iyulun 2-də Laçında "Qadınların dayanıqlı və iqlimədavamlı gələcəyin qurulmasında rolunun gücləndirilməsi" mövzusuna həsr olunmuş İƏT Qadınlar Forumu keçirilib. Həmin gün Füzulidə "İnvestisiyaların və ticarətin təşviqi İƏT regionunda dayanıqlı inkişafın katalizatoru kimi" şüarıi altında İƏT-in 6-cı Biznes Forumu təşkil olunub. Forum sahibkarlar və investorları bir araya gətirib.

"Təşkilat Həftəsi çərçivəsində keçirilmiş Gənclər, Qadınlar və Biznes forumlarında səsləndirilmiş məzmunlu müzakirələr və ideyalar İƏT-in yeni strateji sənədi - "2035-ci ilə qədər İqtisadi Əməkdaşlığın Strateji Məqsədləri"nin əsasını təşkil edəcək", - deyə təşkilat nümayəndələri bildiriblər.

Seçilən
15
5
day.az

10Mənbələr