ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kaliforniya Universitetinin alimləri tərəfindən aparılan yeni bir araşdırmaya görə, xüsusilə paketlənmiş qidalarda geniş istifadə olunan rafinə olunmuş şəkər, hüceyrə səviyyəsində zərərə yol açaraq bioloji yaşlanmanı sürətləndirir.
Redaktor.az xəbər verir ki, tədqiqatçılar bildiriblər ki, rafinə şəkər xroniki iltihablanmaya (inflamasiya) səbəb olur.
Bu hal isə yalnız piylənmə, şəkərli diabet, qaraciyər və ürək xəstəlikləri riskini artırmaqla kifayətlənmir, eyni zamanda müxtəlif xərçəng növlərinə də zəmin yarada bilər.
Son statistik məlumatlara əsasən, işlənmiş qidalar ABŞ-də bir şəxsin gündəlik kalori qəbulunun 60 faizini təşkil edir. Bu qidalar arasında şirin içkilər, paket çörəkləri, meyvəli yoqurtlar, səhər yeməyi üçün nəzərdə tutulan qarışıqlar, kolbasa və sosiska kimi işlənmiş ətlər yer alır. Alimlər bu məhsulların bioloji yaşlanma prosesini sürətləndirdiyini bildiriblər.
Qidalanma üzrə epidemioloq Marialaura Bonaccio məsələyə münasibət bildirərək deyib:
“Rafinə şəkər tərkibli məhsullar qidalandırıcı baxımdan olduqca kasaddır. Onlar həmçinin yüksək miqdarda şəkər, duz və doymuş yağ ehtiva edir. Uzun müddət istifadə olunduqda orqanizmdə toksik maddələrin toplanmasına səbəb olur və bu da sağlamlıq üçün təhlükəlidir.”
Bioloji yaşlanmanın artması yalnız kosmetik deyil, həm də metabolik və hüceyrə səviyyəsində funksiyaların pozulması ilə müşayiət olunur. Alimlər bu səbəbdən xüsusilə uşaq və gənclərin işlənmiş qidalardan mümkün qədər uzaq durmasının vacib olduğunu vurğulayırlar.
Mütəxəssislər xəbərdarlıq edir: Rafinə şəkərlə zəngin işlənmiş qidaların gündəlik qida rasionunda geniş yer tutması, uzunmüddətli dövrdə həm bioloji yaşlanmanı artırır, həm də ağır xroniki xəstəliklərə səbəb ola bilər. Sağlam qidalanma və təbii məhsullara üstünlük verilməsi uzun ömür və keyfiyyətli həyat üçün vacibdir.
Nuriyyə NATİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.