Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Ukraynada öz məqsədlərinə çatmaq üçün diplomatik yolları üstün tutsa da, bu hazırda mümkün deyil və “xüsusi hərbi əməliyyat” davam etdiriləcək.
Peskovun sözlərinə görə, Moskva siyasi yolla irəliləməyə çalışsa da, qarşı tərəfin mövqeyi buna imkan vermir.
Sherg.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən son telefon danışığında da Rusiya lideri Ukrayna ilə bağlı məqsədlərindən geri çəkilməyəcəyini bir daha vurğulayıb.
Putin, ABŞ-ın 4 iyul – Müstəqillik Günü münasibətilə Trampa təbriklərini çatdıraraq, Rusiya ilə ABŞ arasında tarixən yaxın münasibətlərin olduğunu və Rusiyanın Amerika tarixində mühüm rol oynadığını bildirib.
Rusiyalı rəsmilər həmçinin qeyd ediblər ki, ölkələri arasındakı münasibətlər I və II Dünya Müharibəsindəki müttəfiqliklə məhdudlaşmır, daha qədim tarixə dayanır.
İngiltərə mediası isə bu telefon danışığında Putinin sərt mövqe sərgilədiyini və Trampın "kiçildildiyini" yazıb. Kremlin açıqlamasına görə, Rusiya Ukraynadakı münaqişəyə səbəb olan əsas amilləri aradan qaldırmaqda qərarlıdır.