Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Ümumiyyətlə, sosial şəbəkələr öz bizneslərini bir neçə model əsasında qurmuşlar". Bu sözləri SİA-ya açıqlamasında İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov deyib.
Onun sözlərinə görə, bu modellərdən biri ənənəvi reklam yönümlü modeldir: "Burada sosial şəbəkə platformaları öz istifadəçilərinə reklamlar göstərir, bu reklamları təşviq edir və bu üsulla gəlir əldə edirlər. Bu model uzun illərdir tətbiq olunur və sosial şəbəkə iqtisadiyyatının əsas sütunlarından biridir. İkinci və daha az görünən, lakin daha çox tənqid olunan model isə istifadəçilərin şəxsi məlumatlarının üçüncü tərəflərə ötürülməsi ilə bağlıdır. Sosial şəbəkələr, istifadəçilər haqqında topladıqları məlumatları müxtəlif şirkət və reklam platformalarına təqdim edir və bu məlumatlar üzərindən hədəflənmiş reklam kampaniyaları həyata keçirilir. Bu praktika dəfələrlə beynəlxalq səviyyədə tanınmış ekspertlər və ictimai xadimlər tərəfindən sərt tənqid olunmuşdur. Ən narahatedici məqamlardan biri odur ki, sosial şəbəkədə istifadəçi hesabını silsəniz belə, məlumatlar tam olaraq platformadan silinmir. Bu, ciddi bir problemdir və onun qarşısını almaq indiyədək tam mümkün olmamışdır. İstifadəçilərin məlumatlarının qorunması məsələsində sosial şəbəkələr tərəfindən real və effektiv addımların atıldığını söyləmək çətindir. Bundan başqa, istifadəçilər sosial şəbəkələrə qoşularkən və hesab açarkən təqdim olunan istifadə qaydalarını qəbul etmiş sayılırlar – bu, ya açıq şəkildə təsdiqləmə ilə, ya da cavabsız qoymaqla baş verir. Bu qaydalar çox vaxt oxunmadan təsdiqlənir və nəticədə istifadəçi razılığı əsasında şəxsi məlumatların üçüncü şəxslərə ötürülməsi hüququ sosial şəbəkə platformalarının əlində olur. Bu platformalar öz məlumat bazalarını məhz bu şəkildə formalaşdırmış və bu məlumatlardan davamlı olaraq istifadə etməyə davam edirlər.
Təəssüf ki, bu artıq reallıqdır və istifadəçilər bu reallığa hazır olmalıdırlar. Hətta bəzi inkişaf etmiş ölkələrdə bu texnologiya daha da irəliləmişdir. Belə ki, şəhər daxilində müəyyən bir ərazidə yerləşən fiziki mağazalar və ya kampaniyalar həmin ərazidən keçən şəxslərə sosial şəbəkələr vasitəsilə hədəflənmiş reklamlar təqdim edirlər. Bu isə onu göstərir ki, sosial şəbəkələr istifadəçilərin hərəkətlərini, yerləşdikləri məkanı izləyir və bu məlumatlar reklam məqsədilə emal olunur. Nəticə etibarilə, bu vəziyyət təəssüf doğurur, çünki şəxsi məxfiliyin qorunması məsələsində sosial şəbəkə istifadəçilərinin hüquqları tam təmin olunmur. Bu problem qlobal miqyasda aktuallığını qoruyur və hələlik tam şəkildə həll oluna bilməyib".
Müəllif: Günel Rəşadqızı
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.