AZ

Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb

Son günlər Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda şimal ölkəsində yaşayan azərbaycanlı kriminal avtoritetlərin də sıxışdırılmasına başlanılıb.

Dünən Rusiyada yaşayan üç titullu azərbaycanlı “qanuni oğru”dan ikisi saxlanılıb.

Modern.az xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Federal Təhlükəsizlik Xidməti əməliyyatçılarının birgə əməliyyatları eyni vaxtda Moskva və Orenburq vilayətlərində həyata keçirilib.

Əvvəlcə Novaya Riqanın Qrinfild kottec kəndinin çıxışında kriminal dairələrdə daha çox “Diplomat” və ya “Vaqif Bakinski” kimi tanınan 59 yaşlı Vaqif Süleymanov saxlanılıb.

Daha sonra Orenburqda 39 yaşlı Zaur Şipilov, (ləqəbi “Talıbov” və “Zaur Naxçıvanski”) saxlanılıb.

Rusiyanın kriminal aləmindən bəhs edən “Primecrime.ru” saytı yazır ki, əməliyyatçılar Vaqif Süleymanovdan “oğru statusu”nu soruşduqda o, cavab verməkdən imtina edib, Zaur Şipilov isə kamerasız cavab verməyə razılaşıb.

“Oğrular”ın ləqblərində Azərbaycan toponimləri olmasına baxmayaraq, nə Vaqif, nə də Zaur Azərbaycanda doğulub. Vaqif Süleymanovun Gürcüstanın Marneuli rayonunda, Zaur Şipilovun isə Rusiyanın Orenburq şəhərində anadan olduğu bildirilib. İkinci özünü azərbaycanlı hesab etsə də, onun yarırus olduğu və xaç suyuna çəkildiyi bildirilib.

“Primecrime.ru” saytı yazır ki, Vaqif Süleymanov Rusiyada nüfuz baxımından haqlı olaraq bir nömrə sayıla bilər. Zaur isə əksinə, artıq 12 illik təcrübəsi olsa da, “oğru” kimi bəlkə də hamıdan zəifdir.

“Vaqif Bakinski” kriminal karyerasına 80-ci illərdə cibgir kimi başlayıb. 9 il fərqlə iki dəfə Moskvada oğurluğa görə mühakimə olunub. İlk dəfə 1982-ci ildə 2 il şərti cəza alıb, ikinci dəfə 1991-ci ildə 1 il ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkib. O, sonra Bakıya köçürülüb və Azərbaycanda vaxtından 3 ay 20 gün əvvəl, SSRİ-nin dağılmasından bir həftə əvvəl şərti azadlığa buraxılıb.

Vaqifin “tacqoyma mərasimi” 2001-ci ilin yayına təsadüf edir. O, Hikmət və Çingiz başda olmaqla o dövrün əsas azərbaycanlı “qanuni oğruları” tərəfindən “taclandırılıb”.

Vaqif “oğru statusu” alandan sonra daha üç dəfə Moskvada narkotikə görə həbs edilib. Dördüncü dəfə saxlanılsa da, onu həbs etməyiblər.

Vaqifin polislə sonuncu qarşılaşması 10 il əvvəl olub. O vaxtdan bəri toxunulmazlar arasında idi. Onun son vaxtlar praktiki olaraq yeganə “Moskva oğrusu” olduğu iddia edilir.

Seçilən
5
3
modern.az

10Mənbələr