"İnsanlar niyə tənqidə dözümsüz olur? Bu sual sadə görünsə də, cavabı insan psixikasının dərin qatlarına gedib çıxır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Almara Ağaqızı deyib.
Onun sözlərinə görə, psixoloji baxımdan, insanın ən təməl ehtiyaclarından biri özünü qorumaq və qəbul edilməkdir. Tənqid isə çox zaman bu ehtiyaclara “təhlükə siqnalı” kimi təsir edir. Xüsusilə şəxsiyyətə yönəlmiş və ya haqsız görünən tənqidlər insanın daxili balansını poza bilər. Psixologiyada “ego müdafiə mexanizmləri” deyilən anlayış var. İnsan beyni, xüsusilə də limbik sistem – yəni emosional reaksiya mərkəzi – tənqidi çox vaxt təhlükə kimi qəbul edir. Bu zaman avtomatik olaraq müdafiə mexanizmləri işə düşür: inkar, özünühaqlama, qarşı hücum və ya tamamilə geri çəkilmə kimi davranışlar meydana çıxır. Bu dözümsüzlük çox vaxt insanın uşaqlıq təcrübələrindən qaynaqlanır. Əgər bir insan uşaq vaxtı şərti sevgi ilə böyüyübsə – yəni yalnız “yaxşı”, “itaətkar” və “mükəmməl” olduqda sevildiyini hiss edibsə – o zaman hər bir tənqidi “artıq sevilmirəm” kimi tərcümə edir. Belə fərdlər üçün tənqid təkcə fikrinə qarşı çıxmaq deyil, həm də şəxsi dəyərinə zərbədir. Tənqidə dözümsüzlük aşağı və ya qeyri-sabit özünəinamla da əlaqəlidir. Əgər bir insan öz dəyərini daxilən sabit hiss etmirsə, başqalarının fikirləri onun üçün həddindən artıq əhəmiyyətli olur.
Hər bir tənqid həmin zəminin sarsılması kimi qəbul edilir. Amma bu psixoloji zəiflik deyil – bu daha çox psixoloji yetkinliyin inkişaf mərhələsində olan bir çətinlikdir. İnsan bəzən özünü mükəmməl göstərməyə o qədər aludə olur ki, hər hansı bir tənqidi “ifşa olunmaq” qorxusu kimi yaşayır. Bu, dərindən gələn “yetərsizəm”, “qəbul olunmayacağam” kimi qorxuların nəticəsidir. Əslində bu qorxular bizlərin çoxunda var. Fərq ondadır ki, bəzilərimiz onlarla barışmağı və onları tənzimləməyi öyrənmişik. Tənqidə dözümlü olmaq sadəcə səssiz qalmaq və ya hər deyilənə razılaşmaq deyil. Bu, əksinə, iç dünyana baxmaq, narahat edən fikirləri təhlil etmək və lazım gəldikdə onları şəfqətlə qəbul etmək deməkdir. Psixoloji güc, özünü tənqid qarşısında da qəbul edə bilməkdir. Bu, zəiflik deyil – insanın öz iç dünyasını tanımağa və onu qorumağa çalışmasıdır. Tənqidə dözümsüzlük bəzən zəiflik kimi görünə bilər, amma əslində bu, daxildə qorunmaq istəyən bir “daxili uşağın” səsidir. Bu halı mühakimə etmək yox, anlamaq lazımdır. Ən güclü görünən insanlar belə zaman-zaman daxili zəriflik və incəlik daşıyırlar. Bəzən məhz o çatların arasından işıq sızır.
Müəllif: Günel Rəşadqızı