İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə Toplantısında iştirak edən Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan bəzi vacib açıqlamalar verib.
Hafta.az-ın yazdığına görə, Ərdoğan deyib ki, Zirvə görüşünün məhz işğaldan azad edilmiş Xankəndi şəhərində keçirilməsinin xüsusi əhəmiyyətli mənası var. O bu qədim şəhərin Qafqazın yeni inkişaf və sülh mərkəzinə çevriləcəyinə inandığını bildirib.
Ərdoğan sammitin əsas mövzusunun iqlim dəyişikliyi olmasını məqsədəuyğun hesab etdiyini bildirərək, onların iqlim böhranının mənfi təsirlərinin ən çox hiss olunduğu bölgələr arasında olduğunu vurğulayıb. O, "Xüsusən enerji sahəsində innovativ təşəbbüslərimizlə bərpa olunan enerjinin ümumi quraşdırılmış elektrik enerjisindəki payını 59 faizə çatdırdıq. Bu nisbətlə Avropada 5-ci, dünyada isə 11-ci olduq. 2024-2030-cu illəri əhatə edən Milli Enerji Səmərəliliyi Fəaliyyət Planımızla 1 milyon ton oksidləşməni nəzərdə tuturuq. İqlim qanunumuz ötən gün həyat yoldaşım Əminə Ərdoğanın himayəsi ilə qlobal səviyyəyə daşınan “Sıfır Tullantı” layihəsi, iqlim dəyişikliyinə qarşı mübarizəmizə əlavə güc qatır” deyib.
Prezident Ərdoğan bildirib ki, Türkiyənin BMT-nin 31-ci İqlim Dəyişikliyi Tərəflər Konfransına (COP31) ev sahibliyi etməsi təsdiqlənəcəyi təqdirdə ədalətli və əhatəli yanaşmanın üstünlük təşkil etməsinə çalışacaqlar.
"100 milyard dollarlıq regional ticarət həcmi hədəfimizi daha yüksək rəqəmlərə çatdırmaq üçün hamımız birlikdə addımlar atmalıyıq. Bu baxımdan, mümkün olan ən erkən fürsətdə 5-ci Ticarət Nazirləri Toplantısının keçirilməsinə böyük əhəmiyyət veririk” deyən dövlət başçısı yaxın keçmişdə İsrailin İrana hücumu ilə başlayan müharibəyə də münasibət bildirib. Qeyd edib ki, İsrailin Livana, Suriyaya və İrana hücumlarının fonunda Fələstin xalqını diz çökməyə məcbur etmək siyasəti dayanır.
“Netanyahu administrasiyası bölgəmizi qan gölünə çevirdiyinə görə biz nə Fələstin davasından əl çəkə, nə də səssiz qala bilərik. Bundan sonra da cəsarətlə həqiqəti deyəcəyik, zalımlara qarşı məzlumun yanında olacağıq. Suriyada xalqın illərdir davam edən mübarizəsi nəticəsində çatılan mərhələ bölgə üçün bir ümid işığıdır. Beynəlxalq ictimaiyyətin maliyyə dəstəyini davam etdirməsini və kritik bir zamanda və vacib məqamda yeni administrasiya ilə əlaqələrini inkişaf etdirməsini gözləyirik. Hesab edirik ki, digər mühüm region olan Əfqanıstanda əfqan xalqının təhlükəsizliyini, sülhünü və inkişafını dəstəkləməliyik. Fürsətdən istifadə edərək, son günlər baş vermiş dəhşətli terror aktına görə pakistanlı qardaşlarımıza bir daha başsağlığımı çatdırmaq istərdim”, - Rəcəb Tayyib Ərdoğan deyib.