AZ

Arıçılıq məhsullarının Avropa Birliyi ölkələrinə ixracı məsələləri müzakirə olunub

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Arıçılar Assosiasiyası ilə birgə arıçılıq məhsullarının istehsalı, idxalı və satışı ilə məşğul olan sahibkarların iştirakı ilə görüş keçirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlayn formatda təşkil edilən görüşdə son illər ölkəmizdə arıçılığın inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə görüş iştirakçılarına məlumat verilib. Həmçinin Azərbaycan balının və digər arıçılıq məhsullarının Avropa Birliyi ölkələrinə ixracı sahəsində agentlik tərəfindən həyata keçirilən tədbirlərin gedişi və bu sahədə sahibkarların yerinə yetirməli olduqları tələblər onların nəzərinə çatdırılıb.

Görüşdə arı ailələrinin mövsümi köçürülməsi zamanı baytarlıq nəzarətinin həyata keçirilməsi, arıçılıq təsərrüfatlarının, eyni zamanda, arıçılıq məhsullarının istehsalı və satışı obyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınmasının vacibliyi vurğulanıb.

Görüş zamanı arıçılıq məhsullarının qablaşdırılması və etiketlənməsi, eləcə də, damazlıq arı və arıçılıq məhsullarının idxalı və ixracı ilə bağlı tələblər görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Görüşün yekununda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Seçilən
25
13
azertag.az

10Mənbələr