Laçında keçirilən İƏT Qadınlar Forumuna 150-dən çox iştirakçı qatılıb.
“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Sammitində forumun nəticələri haqqında məlumat verərkən deyib.
O qeyd edib ki, tədbir əhəmiyyətli regional dialoqun başlanğıcı olub:
"Forumun məqsədi 2026-2035-ci illər üçün İƏT-in inkişaf sənədinin hazırlanmasına töhfə verəcək təkliflərin hazırlanması idi. Qadınların prioritetlərini, ehtiyaclarını və töhfələrini İƏT-də təsbit etmək hədəflənir".
O qeyd edib ki, forumda üzv dövlətlər qadınların iqlimə davamlılıq və davamlı inkişafa təsirini gücləndirmək üçün siyasət və fəaliyyət planlar müzakirə edilib:
"Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın, eləcə də İƏT regionunun digər qadın liderlərinin ətraf mühitlə bağlı təşəbbüslərə güclü dəstəyi onların regionda yaşıl transformasiya prosesinə rəhbərlik etməkdə təsirli rolunu əyani şəkildə nümayiş etdirir".