"ABŞ diqqətini bizə yönəldərsə, yeni geosiyasi gərginlik qaçılmaz olacaq..."
Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Avropa İttifaqının yeni təyin olunmuş diplomatiya rəhbəri Kaya Kallasla Brüsseldə keçirdiyi görüşdə açıq şəkildə bəyan edib ki, Çin Rusiyanın Ukraynada məğlub olmasına yol verə bilməz.
Moderator.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri öz mənbələrinə istinadla yazıb. Məlumatı "24tv.ua" nəşri yayıb.
Pekin bu mövqeyini belə izah edir: əgər Rusiya uduzarsa, ABŞ bütün strateji diqqətini Asiyaya, xüsusilə də Çinə yönəldəcək. Van İ-nin sözlərinə görə, bu ssenari Pekin üçün təhlükəlidir və Çin onu öncədən neytrallaşdırmağa çalışır.
Çinin açıq mövqeyi Avropanı təəccübləndirib
Çin Xarici İşlər Nazirliyi daha öncə dəfələrlə bəyan edib ki, Pekin Rusiya ilə Ukrayna arasındakı müharibədə tərəf deyil və neytrallığını qoruyur. Lakin bu dəfə Van İ-nin "Rusiyanın məğlubiyyəti yolverilməzdir" kimi açıq ifadəsi Avropa İttifaqınnın bir çox diplomatlarını təəccübləndirib. Görünür, Çin ilk dəfə olaraq qlobal güc balansında öz geosiyasi prioritetlərini bu qədər açıq şəkildə dilə gətirib.
Van İ eyni zamanda Qərbin Çin-Rusiya əməkdaşlığı ilə bağlı iddialarını da rədd edib. Onun sözlərinə görə, Pekin Moskvaya nə hərbi, nə də maliyyə dəstəyi göstərmir: "Əgər Çin belə bir dəstək versəydi, bu münaqişə çoxdan başa çatardı". Lakin Qərb kəşfiyyatının və müxtəlif jurnalist araşdırmalarının əksini göstərməsi Çin tərəfinin bəyanatlarını şübhə altına alır.
Çin üçün geosiyasi fürsət: ABŞ Ukraynada qalsın, bizə vaxt qazandırsın
Rəsmi Pekin hesab edir ki, ABŞ-ın Ukraynaya dəstəyi davam etdiyi müddətdə Vaşinqtonun strateji fokusunun Asiya-Sakit Okean regionuna keçməsi gecikəcək. Bəzi analitiklərə görə, Çin Rusiya ilə müharibənin tezliklə bitməsində maraqlı deyil - bu, Pekinin vaxt qazanmasına və regionda mövqelərini gücləndirməsinə imkan yaradır. Yəni, müharibənin davamı Pekin üçün arzuolunmaz olsa da, müəyyən mənada faydalıdır.
Çin-Rusiya münasibətləri: ticarət və texnologiya ittifaqı
Rusiya 2022-ci ilin fevralından bəri beynəlxalq sanksiyalar altında iqtisadi cəhətdən tədricən daha çox Çinə bağlanıb. İki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatıb. Çindən Rusiyaya çox sayda "ikili təyinatlı" texnologiyaların - yəni həm mülki, həm də hərbi məqsədlərlə istifadə edilə bilən avadanlıqların göndərildiyi dəfələrlə sənədlərlə sübuta yetirilib. Prezident Zelenski isə xüsusilə "DJI Mavic" dronlarının Ukraynaya satışının Pekin tərəfindən məhdudlaşdırıldığını, əvəzində isə həmin texnikaların Rusiya bazarına yönləndirildiyini bildirib.
Geosiyasi nəticələr
Çinin bu açıq mövqeyi Qərb üçün ciddi siqnaldır: Pekin əslində Moskvanın qalib gəlməsini arzulamasa da, onun tam məğlubiyyətini də istəmir. ABŞ-ın Ukraynaya dəstəyinin zəiflədiyi bir dövrdə, Çin mövqeyini sərtləşdirərək Avropa və ABŞ diplomatiyasına öz "sərt reallığını" qəbul etdirməyə çalışır. Bu, təkcə Çin və Rusiya arasında taktiki ittifaq deyil, həm də Qərbin geosiyasi çəkisinin sınandığı kritik bir dönəmdir.