Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Qərbi Azərbaycan irisi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
Bu barədə APA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Dövlət Komitəsinin sədri tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılmaqdadır. O həmçinin qeyd edib ki, Qərbi Azərbaycanda soydaşlarımıza qarşı beynəlxalq hüquqazidd əməllər törədən və cəzasız qalan Ermənistan 30 ildən çox torpaqlarımızın da bir hissəsini işğal altında saxlamışdı. Dövlətimizin başçısının qətiyyətli və uzaqgörən siyasəti, şanlı Ordumuzun rəşadəti nəticəsində işğala son qoyulub, separatizmin kökü kəsilib. Ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması məcburi köçkün həmvətənlərimizin öz doğma yurdlarına qayıdışına şərait yaranıb. Hazırda soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı məsələsi də regional və beynəlxalq platformalarda müzakirə olunur, bu istiqamətdə hərtərəfli iş aparılır.
Daha sonra Komitə sədrinin müavini Fuad Hüseynov, Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov və Təşkilat-nəzarət və analitika şöbəsinin müdiri Nizami Hüseynov, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev çıxış edərək kitabı yüksək qiymətləndiriblər. Azərbaycanlılara qarşı törədilmiş zorakılıqlara və amansız deportasiyaya, xalqımızın Qərbi Azərbaycanda tarixi-mədəni irsinin məhv edilməsinə görə Ermənistanın beynəlxalq müstəvidə cəzalandırılacağına, on minlərlə soydaşımızın doğma torpaqlara qayıtmaq hüququnun təmin ediləcəyinə inam vurğulanıb.
Kitab iki hissədən ibarətdir. Birinci hissəsində hesabatın məqsədi və tədqiqatın predmeti müəyyən edilib, tədqiqatın metodologiyasından bəhs olunub. İkinci hissəsində isə Qərbi Azərbaycanın hər bir rayonu üzrə qruplaşdırılmış qəbiristanlıqların yerləşdiyi kəndlərin tarixi inkişafı, demoqrafik göstəriciləri, kəndlə bağlı toponimik və inzibati dəyişikliklər, əhalinin köç və deportasiya prosesi, qəbiristanlıq və digər mədəni irs obyektlərinin mövcud vəziyyəti sistemli şəkildə təqdim edilir.
Tədbirdə, həmçinin Qərbi Azərbaycanla bağlı videoçarx da nümayiş olunub.
Xatırladaq ki, kitabın I cildi seriyanın ilk nəşridir və bu seriyanın 5 hesabatdan ibarət olması nəzərdə tutulub. Kitab Azərbaycan, ingilis, rus dillərində çap edilib.