Tədbirin təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirik.
APA-nın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Əfqanıstan Baş nazirinin müavini Əbdül Qəni Bəradər İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.
Əbdül Qəni Bəradər deyib ki, Əfqanıstan İslam Əmirliyi artıq Rusiya tərəfindən tanınıb: “Əfqanıstan görünməmiş ümummilli birlik əldə edib. Bu, bizə ECO üzvləri ilə strateji əlaqələri həyata keçirməyə imkan verəcək. Biz narkotik maddələrin dövriyyəsi ilə bağlı qətiyyətli tədbirlər görürük”.
Əfqanıstan Baş nazirinin müavini qeyd edib ki, Kabilin xarici siyasəti qarışlıqlı hörmətə, faydalı əməkdaşlığa əsaslanır: “Biz əməkdaşlığın şaxələndirilməsinin tərəfdarıyıq. Xarici siyasətimizin hədəfi iqtisadiyyatımızın dirçəldilməsidir. Biz nəqliyyat dəhlizlərini dəstəkləyirik, ölkəmizdən keçəcək mühüm nəqliyyat dəhlizi də bura daxildir”.
Əbdül Qəni Bəradər vurğulayıb ki, ECO üzvlərinin Əfqanıstana qarşılıqlı dəstəyi mühüm əhəmiyyət kəsb edir: “Əfqanıstan sərmayəçilər üçün əlverişli investisiya məkanına çevrilib, xarici investorlar bir çox sahələrə investisiya yatırmaqdadır. ECO üzvlərini də Əfqanıstana sərmayə qoymağa çağırıram”.
O, İqtisadi Əməkdaşlıq Təşkilatının 18-ci Zirvə görüşünün Kabildə keçirilməsini təklif edib. Əbdül Qəni Bəradər deyib ki, belə bir görüşün təşkil edilməsinə hazırdırlar.