İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etməsi və eləcə də onların Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılış lentini birlikdə kəsmələri ondan xəbər verir ki, hər iki qardaş və müttəfiq ölkə arasında əlaqələr getdikcə daha da dərinləşir. Hazırda Özbəkistanın ardınca Qırğızıstan Türküstan ölkələri arasında ikinci dövlətdir ki, işğaldan azad edilmiş Qarabağın bərpa və yenidən qurulmasına birbaşa praktik töhfəsini verir. Biz Qırğızıstanın Qarabağın bərpası və dirçəlişində göstərdiyi köməyi yüksək qiymətləndiririk.
Prezident İlham Əliyevin Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında sakinlərlə görüşü zamanı vurğuladığı kimi, “əlbəttə, bizim uğurla reallaşdırdığımız “Böyük Qayıdış” Proqramını həyata keçirməli olduğumuz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir. Bu, qırğız xalqının qəlbindən, ürəyindən gələn köməkdir”. İki liderin açılışını etdikləri Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi də dost və qardaş Qırğızıstanın Azərbaycana hədiyyəsidir. Qırğızıstan Prezidenti Sadır Japarovun təşəbbüsü ilə bu regionun hazırda ən böyük yaşayış məntəqəsi olan Xıdırlı kəndində belə bir gözəl məktəbin tikilməsi əsl qardaşlıq nümunəsidir.
Məktəbə verilən “Ayköl Manas” adı da təsadüfən seçilməyib. Bu adın böyük rəmzi əhəmiyyəti var. Manas qırğız xalqının qan yaddaşında dərin iz qoymuş dastan qəhrəmanıdır və eyni zamanda, türkün birliyini, igidliyini, ədalətə inamını təcəssüm etdirir. “Ayköl Manas” isə ədalətli və xalqını sevən qəhrəman deməkdir. Bu adın Xıdırlı kəndindəki məktəbə verilməsi iki qardaş ölkənin tarixi birliyinin göstəricisidir. "Manas" eposu bütün Türk dünyasının ortaq dəyəri sayılır. Bu baxımdan, Ayköl Manas orta məktəbi iki dövlət arasında mənəvi, humanitar körpü olmaqla yanaşı, həm də bütün Türk dünyasına verilən birlik mesajıdır. Prezident İlham Əliyevin Xıdırlı sakinləri ilə görüşdə söylədiyi kimi, "bu, bir daha ölkələrimizin qardaşlığından, bizim tarixi, etnik, mədəni və mənəvi yaxınlığımızdan xəbər verir. Bu təməl üzərində bu gün biz Qırğızıstan-Azərbaycan dostluğunun möhkəm binasını tikmişik".
Dünyada qlobal geosiyasi təlatümlərin baş verdiyi bir məqamda, ciddi çağırışlarla üzləşdiyimiz bu günlərdə Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan Qırğızıstan və Özbəkistanın Qarabağ və Şərqi Zəngəzurun bərpasında Azərbaycana dəstək verməsi ümumən bütün üzv dövlətlər arasında qarşılıqlı əlaqələrin genişlənməsinə təkan verir. Bu gün TDT üzvləri arasında çox yaxşı mühit var. Azərbaycan Türk dünyasının əsas birləşdirici ölkəsi rolunda çıxış edir. İlham Əliyevin türk dövlətlərinin liderləri ilə səmimi dostluq münasibətləri birlik və həmrəyliyimizi daha da gücləndirir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri