İtaliyanın paytaxtı Romada səhər saatlarında qaz anbarında baş verən partlayışlar böyük təşvişə səbəb olub.
Hadisə nəticəsində azı 21 nəfər yaralanıb, ətrafdakı binalara ziyan dəyib.
"Cebheinfo.az" xəbər verir ki, Roma şəhərinin Villa De Santis bölgəsində səhər tezdən əvvəl güclü bir partlayış səsi eşidilib.
Partlayışdan sonra ətrafa güclü qaz qoxusu yayılıb. Qısa müddət sonra yanğın başlayıb və nəticədə ikinci partlayış baş verib.
Ardıcıl baş verən partlayışlar məhəllə sakinləri arasında böyük təşviş yaradıb. Yerli mənbələrə əsasən, bəzi sakinlər partlayışdan sonra evlərini tərk edərək küçələrə axışıblar.
Yanğınsöndürənlər və təcili yardım briqadaları əraziyə cəlb olunub, tibbi heyət 21 yaralıya müdaxilə edib.
Partlayışların baş verdiyi qaz anbarından cəmi bir neçə metr uzaqda yerləşən bir idman klubu da ciddi ziyan görüb.
Klub binasının böyük hissəsi istifadəyə yararsız hala düşüb və konstruktiv ziyan riskinə görə müvəqqəti bağlanıb. Rəsmilər partlayışların səbəbi ilə bağlı istintaqın davam etdiyini bildiriblər.
İlkin ehtimallara görə, hadisəyə qaz sızması səbəb olub. Ancaq dəqiq səbəbin müəyyənləşdirilməsi üçün texniki qrupların araşdırmaları davam edir.