Azərbaycanda iyulun 1-dən başlayaraq bəzi qohumlar arasında nikahların bağlanması qadağan edildi. Ailə Məcəlləsində aparılan dəyişikliklərə əsasən, əmioğlu-bibioğlu, dayı və xala uşaqları, həmçinin əmi və qardaş (bacı) qızı, bibi və qardaş (bacı) oğlu kimi yaxın qohumlar arasında evliliklər artıq qanunla yasaqlanmışdır.
Bu yenilik bəziləri tərəfindən şəxsi seçim azadlığına müdaxilə kimi qiymətləndirilsə də, geniş kütlə belə bir addımı cəmiyyətin sağlam gələcəyi üçün zəruri saymışdır. Genetik risklərin qarşısını almaq, sağlam nəsil yetişdirmək və sosial-mədəni normaları qorumaq məqsədi daşıyan bu qərarın müsbət nəticələr verəcəyi ümid edilir.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin Ailə qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, məqsəd ailə institutunu qorumaq, gücləndirməkdir:
“Məqsədimiz hər bir vətəndaşımızın hüquqlarını qorumaq, ailə institutunu daha da gücləndirmək, mövcud boşluqların və çətinliklərin qarşısını almaqdır.
2024-cü ildə qanunvericiliyə edilən dəyişikliyə əsasən, Ailə Məcəlləsində nikah yaşının 1 ildən çox olmayaraq azaldılması halı aradan qaldırılıb. Beləliklə, nikah yaşının 18 yaş olduğu nəzərə alınaraq, yetkinlik yaşına çatmayanlarla qeyri-rəsmi erkən nikaha daxil olan şəxslər və buna şərait yaradan valideynlər barəsində İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət tədbirləri nəzərdə tutulur.
Eyni zamanda yetkinlik yaşına çatmayanların dini nikaha daxil olmasına şərait yaradan din xadimləri üçün də məsuliyyət müəyyən olunub. Belə toy məclislərinin təşkil olunduğu məkan sahibləri də qanun qarşısında cavabdeh olacaqlar”.
Hicran Hüseynova erkən nikahların mənfi təsirləri və fəsadlarının kifayət qədər olduğunu bildirib. O, həmçinin qeyd edib ki, Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, qohumlar arasında nikahların bağlanmasına yol verilməyəcəkdir:
“Qanun artıq qüvvəyə minib və aidiyyəti dövlət qurumları tərəfindən onun icrası üçün müvafiq mexanizmlər hazırlanıb.
Erkən nikahlar qızların fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, eləcə də özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə ifadə etməsinə ciddi problemlər yaradır və müxtəlif fəsadlara səbəb olur.
Elmi araşdırmalar göstərir ki, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin yaranma riski olduqca yüksəkdir. Dünya əhalisinin bir hissəsi bu problemdən əziyyət çəkir. Belə nikahlar çox zaman uğursuz olur, ailələrdə davamlı münaqişələr və problemlər meydana çıxır.
Qohum nikahlarının qarşısının alınması cəmiyyət üçün mühüm və müsbət dəyişikliklərə səbəb olacaq. Genefondumuzun sağlamlaşdırılması istiqamətində hərtərəfli şəkildə çalışmalıyıq. Bu istiqamətdə atılacaq ən vacib addımlardan biri məhz qohum nikahlarının qarşısının alınmasıdır.
Düşünürəm ki, xalqımız və cəmiyyət bu dəyişikliklərə müsbət yanaşacaq. Biz unutmamalıyıq ki, insan sağlamlığı və reproduktiv sağlamlıq təkcə səhiyyə deyil, həm də ölkə üçün mühüm sosial-iqtisadi məsələdir.
Biz ailələrimizin möhkəm olmasını istəyirik. Arzulayırıq ki, uşaqlarımız genetik və irsi xəstəliklərlə doğulmasın, ailələrimiz uğurlu və uzunömürlü olsun. Məhz buna görə bu dəyişikliklər vacib və zəruridir”.
Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu qərarın qüvvəyə minməsi xüsusi önəm və əhəmiyyət daşıyır:
“Uzun illərdir ki, bu məsələ ölkəmizdə müzakirə olunur və belə bir addımın atılması artıq bir zərurətə çevrilmişdi. Biz bu qərarı mütləq şəkildə qəbul etməli idik. Qərara qarşı çıxan insanlar bir anlıq düşünməlidirlər — ölkədə qohum nikahları nəticəsində doğulan uşaqların hansı fiziki və psixoloji əziyyətlər çəkdiyini görmək üçün xüsusi mərkəzlərə baş çəksinlər.
Bu gün Azərbaycanda qohum nikahları səbəbindən dünyaya fiziki qüsurlu uşaqların gəldiyi hallara tez-tez rast gəlinir. Belə bir qərarın qəbulunu hüquq pozuntusu kimi dəyərləndirmək və ya şəxsi həyata müdaxilə kimi təqdim etmək kökündən yanlışdır.
Mən dəfələrlə həmin vəziyyətdə olan uşaqları və gəncləri görmüşəm. Onların çəkdiyi əziyyətin, yaşadıqları çətinliyin şahidi olmuşam. Bu səbəbdən hesab edirəm ki, belə bir qərarın qəbul edilməsi çox vacib idi. Dövlətimiz çox doğru və düşünülmüş şəkildə bu addımı atdı.
Düşünürəm ki, cəmiyyətimiz də bu qərara əməl etməlidir. Ola bilər ki, kiminsə qohum nikahından olan övladı sağlam doğulsun, lakin bu, istisna haldır və ümumi qaydanı dəyişmir. Əksər hallarda bu nikahlar ciddi problemlərə səbəb olur. Ona görə də bu məsələni ciddi şəkildə nəzərə almalıyıq”.
Sosioloq Lalə Mehralı isə hesab edir ki, əgər kimsə qohum nikahlarının qadağan edilməsini şəxsi həyata müdaxilə kimi qiymətləndirirsə, bu, onun mövzu ilə bağlı kifayət qədər məlumatlı olmadığını göstərir:
“Burada söhbət təkcə tibbi savadlılıqdan getmir. Sadəcə, hər bir mütaliə qabiliyyəti olan insanın bilməli olduğu bəzi əsas məsələlər var ki, onlardan biri də qohum nikahlarının təhlükəsi ilə bağlıdır.
Bu məsələ illərdir ki, müzakirə olunur. Biz bu mövzunu daim gündəmdə saxlayır, yazır və danışırıq və gündəmdən düşməyə qoymuruq. Həkimlər dəfələrlə ictimaiyyətə açıqlama verərək xəbərdarlıq edirlər: “Qohum nikahlarını dayandırın, gələcəyinizi təhlükəyə atmayın. Övladlarınızın xəstə doğulmasının qarşısını almaq sizin öz əlinizdədir. İstəsəniz, bunu bacararsınız. Gələcək nəslinizin sağlam olması sizin seçimlərinizdən asılıdır”.
Amma bütün bu xəbərdarlıqlara baxmayaraq, yenə də bəziləri gedib əmisiqızı, dayıoğlu, xala və ya bibi uşaqları ilə evlənirsə, bu artıq o deməkdir ki, nəinki öz sağlamlığı, hətta gələcək nəslinin yaşayacağı çətinliklər belə həmin insanı maraqlandırmır.
İnsan kimisə sevə bilər, kiməsə aşiq ola bilər. Amma insan öz qəlbinə söz keçirməyi, hisslərinə qalib gəlməyi də bacarmalıdır. Çünki bu, təkcə bir fərdin deyil, bütöv bir ailənin və gələcək nəslin taleyidir”.
Sosioloq onu da vurğulayıb ki, irsi xəstəliklər səbəbindən xəstə doğulan uşaqların taleyi valideynlərin səhv qərarının nəticəsi olmamalıdır:
“İnsan əgər əmisi qızına aşiq olubsa, dayısı oğluna vurulubsa, bunun nəticələrini də düşünməlidir. Genetik və irsi xəstəliklərin növbəti nəsildə özünü büruzə verməsi, uşaqların bu xəstəliklərlə ömür boyu mübarizə aparması onların günahı deyil və bu, onlara bir cəza kimi diqtə olunmamalıdır.
Valideynlərin etdiyi səhvlər ucbatından uşaqların taleyinə xəstə bir həyat yazılmamalıdır. Əgər bir valideyn övladını qohum nikahına sövq edirsə və ya insanlar özləri bu cür nikaha maraqlıdırsa, onda əvvəlcədən nəzərə almalıdırlar ki, nəsil artırmaq kimi bir məsuliyyətə girməsinlər. Uşağın dünyaya xəstəliklə doğulması, həyat boyu genetik problemlərlə yaşaması valideynlərin səhv qərarının nəticəsi olmamalıdır.
İki insan qohum olub evlənirsə və nəticədə uşaq dünyaya gətirib onu ömürlük xəstəliklə yaşamağa məcbur edirlərsə, bu, sözün ən yumşaq ifadəsiylə eqoizmdir. Eyni zamanda bu, savadsızlıq və cahillikdir.
Bu baxımdan, dövlətin belə bir qadağanı tətbiq etməsini yüksək qiymətləndirirəm. Dövlətimizin başçısını, hökuməti, bu sahədə illərlə çıxış edən həkimləri, bu mövzunu daim gündəmdə saxlayan həmkarlarımızı və jurnalistləri təbrik edirəm. Nəhayət, biz buna nail olduq. Genefondumuzu təmizləmək və irsi xəstəliklərdən qorunmaq istiqamətində ciddi bir addım atıldı”.
Günel Həsənova