AZ

Azərbaycanla münasibətlərdə arxaik metodlar: “Rusiya diplomatiyası artıq…”

“Rusiyada Azərbaycana qarşı həyata keçirilən təzyiq kampaniyaları göstərir ki, Rusiya diplomatiyası artıq bəzi çağırışlara cavab vermək gücündə deyil. Moskva müxtəlif platformalarda özünəməxsus reaksiya sərgiləməyə çalışsa da baş verənlər ölkənin imicinə müsbət təsir etmir. Əksinə bu davranışlar Rusiya dövlətçiliyinin zəiflədiyini və arxaik metodlarla münasibətləri idarə etməyə çalışdığını üzə çıxarır”.

Bunu Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Ukrayna müharibəsindən sonra Moskva bir çox istiqamətdə strateji geriləmə yaşayır və bunun məsuliyyətini başqa ölkələrin üzərinə atmağa çalışır:

“Rusiya rəsmilərinin “üçüncü tərəflərin təxribatları” barədə bəhanələri isə sual doğurur. Əgər bu təxribatlar varsa, niyə Rusiya özü onlara birbaşa cavab vermir? Bu, əslində, Moskvanın daxili zəifliklərini ört-basdır etmək cəhdidir. Bir zamanlar Azərbaycan, Rusiyanın Cənubi Qafqazda yeganə etibarlı tərəfdaşı və strateji müttəfiqi idi. 2020-ci ilin fevralında Azərbaycan və Rusiya prezidentləri arasında imzalanan “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” bunun rəsmi təsdiqi idi. Lakin bu gün Rusiya Gürcüstan və Ermənistandan sonra Azərbaycanla da münasibətləri korlamaq yolundadır”.

Politoloqun sözlərinə görə, Rusiya diplomatiyası buraxdığı ciddi səhvlərin məsuliyyətini qarşı tərəflərin üzərinə yükləməyə çalışır:

“Rusiya hələ də köhnə və arxaik metodlarla Cənubi Qafqazda nüfuzunu qorumağa çalışır. Azərbaycanla münasibətlərə təzyiq yolu ilə təsir etməyə cəhdlər isə, əslində, Kreml diplomatiyasının iflasının göstəricisidir. Ukrayna münaqişəsindən sonra bir çox istiqamətlərdə uğursuzluqlarla qarşılaşan Rusiya öz daxili zəifliklərini ört-basdır etmək üçün məsuliyyəti başqalarının üzərinə yükləməyə çalışır.

Rusiya rəsmilərinin “üçüncü tərəflərin Azərbaycanla Rusiya arasında gərginlik yaratdığı” iddiası da əsassız bəhanələrə söykənir. Əgər bu iddia doğrudursa, niyə Rusiya özü bu “təxribatlara” konkret cavab vermir?

Azərbaycan uzun müddət Cənubi Qafqazda Rusiyanın yeganə sabit və etibarlı tərəfdaşı olub. 2020-ci ilin fevralında imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” bəyannamə iki ölkə arasında strateji münasibətlərin mühüm mərhələsi idi. Hətta bu sənəddən sonra Qərb dairələrinin Azərbaycana təzyiqləri artmışdı.

 

Rusiya artıq xarici siyasət vektorlarını yenidən nəzərdən keçirməli, mövcud çağırışlara uyğunlaşma qabiliyyətini artırmalıdır. Əgər bu baş verməzsə, Moskvanın diplomatik zəmində daha da təcrid olunması qaçılmazdır. Rusiyada daxili siyasi və sosial vəziyyətin gərginliyi artmaqdadır. Xüsusilə etnik və milli məsələlərin həllində çətinliklər yaşanır və bu mövzu artıq hakimiyyət üçün təhlükəli “Damoql qılıncına” çevrilib. Bu sahədə Dövlət Duması, Federasiya Şurası və digər hüquqi orqanlar daha səmərəli fəaliyyət göstərməlidir.

Əgər Rusiya öz daxilindəki problemləri həll edə bilmirsə, bu yükü xarici münasibətlər sferasına çıxarmaq yalnız mövcud böhranı daha da dərinləşdirəcək”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
17
50
editor.az

10Mənbələr