AZ

Ermənilərə tutarlı cavab İngilis dilində kitab nəşr etdirildi FOTO

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti Tahir Əmiraslanovun rəhbərliyi ilə hazırlanan “İrəvan xanlığı bölgə mətbəxi” kitabının təqdimatı keçirilib.

Bakupost.az xəbər verir ki, Sosial Tətqiqat Mərkəzində baş tutan tədbirdə Milli Məclisin deputatı, Sosial Təqdiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini Telli Pənahqızı, siyasi və dövlət xadimi, diplomat, tarixçi-alim, tarix elmləri doktoru Həsən Həsənov, tarix üzrə fəlsəfə doktoru, professor, Əməkdar mədəniyyət işçisi, AMKA-nın Prezidenti Tahir Əmiraslanov, AMKA-nın fəxri üzvü, Əməkdar mədəniyyət işçisi Oruc Əliyev, kitabın ingiliscə nəşrinin təşəbbüskarı Rəşid Hüseynov çıxış ediblər.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Milli Kulinariya Assosiasiyası kitabın hazırlanması üçün İrəvan bölgəsindən didərgin düşmüş soydaşlarımızı müxtəlif tədbirlərə cəlb edib, 1500 nəfərlə müsahibə aparıb, çoxsaylı tarixi, etnoqrafik və digər elmi mənbələri araşdırıb. Nəticədə 413 xörək nümunəsi toplanıb, onların texnoloji təhlili aparılıb, reseptlər texnoloji, tarixi, coğrafi və etnoqrafik baxımdan dəqiqləşdirilərək hazırlanıb və fotoşəkilləri çəkilib. İrəvan mətbəxinə dair tədqiqatlar kitabda 74 səhifədə, xörək reseptləri isə 389 səhifədə yer alıb. Kitabın sonunda 5-dən çox dəqiq resept təqdim etmiş 64 respondentin siyahısı verilib.

Kitabın müəllifləri tarix üzrə fəlsəfə doktoru, professor, Əməkdar mədəniyyət işçisi, AMKA-nın prezidenti Tahir Əmiraslanov, AMKA-nın fəxri üzvü, Əməkdar mədəniyyət işçisi Oruc Əliyev və AMKA-nın üzvü, Respublika Gənclər Mükafatı laureatı Aygül Əsgərovadır.

Kitaba ön sözü nəşrin elmi redaktoru, AMEA-nın Arxeologiya və Tarix İnstitutunun direktoru, professor Maisə Rəhimova, rəyini isə tarix elmləri üzrə fəlsəfə doktoru, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Tahir Şahbazov verib. Giriş sözünün müəllifi isə filologiya üzrə fəlsəfə doktoru, layihə rəhbəri Qivami Rəhimlidir.

Ekspertlər hesab edirlər ki, bu nəşr Azərbaycan milli mətbəxinin ermənilər tərəfindən mənimsənilməsinə və tariximizin saxtalaşdırılmasına qarşı güclü təbliğat vasitəsi, eləcə də etibarlı elmi mənbə kimi istifadə oluna bilər.

Tahir Əmiraslanov qeyd edib ki, “İrəvan xanlığı bölgə mətbəxi” kitabı 2021-ci ildə dörd digər kulinariya kitabı ilə birlikdə İsveçrədə yerləşən Alfred Nobel Mükafatı Ev Muzeyinə yerləşdirilib:

“2021-ci ildə kitabı “Dünya Kulinariya Kitabları Mükafatı Təşkilatı”nın ekspertlərinə göndərəndə, bunu yalnız məşhur kulinar Stalik Xankişiyev bilirdi və yardım edirdi. Bunu çöldəki və içimizdəki ermənilərdən xəlvət edirdik. Kitab bu təşkilat tərəfindən 2021-ci ildə “Dünyanın ən yaxşı region mətbəxi” mükafatına layiq görülüb.

Kitabın Parisdə mükafat alması üçün göndərilən komandanın ezamiyyə xərclərini mənim yazılı xahişim əsasında qarşıladığına və verdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə bir daha minnətdarlığımızı ifadə edirik. Mən kitabı TÜRKSOY-un və “Dünya İslam Kulinariya Birliyi”nin rəhbərlərinə təqdim etdikdən sonra, 2024-cü ildə kitab “Dünya İslam Kulinariya Birliyi”nin “öz ölkəsindən qaçqın düşmüş müsəlman toplumunun mətbəx mədəniyyətinin assimilyasiyadan qorunduğuna görə” və TÜRKSOY-un “Qərbi Azərbaycan türklərinin milli mətbəx mədəni irsinin toplanması, restavrasiya edilməsi, qorunması və assimilyasiyasının qarşısının alınmasına görə” mükafatlarına layiq görülüb.

Kitabın ingiliscə nəşri onun əsas səbəbkarı, təşkilatçısı, təşəbbüskarı Rəşid müəllim Hüseynovun ön sözü ilə başlayır. Rəşid müəllim Milli Kulinariya Assosiasiyasının daimi sponsoru kimi kitabla 2021-ci ildə tanış olduqdan sonra öz təklifi ilə 4 il ərzində bu kitabın tərcümə edilməsi və ərsəyə gəlməsi üzərində çalışıb, tərcümə və çap xərclərini tam qarşılayıb.

İngiliscə nəşrə giriş sözünü İrəvan xanlarının nəvəsi Amir Əli Sərdari İrəvani yazıb. Mən onunla Ştutqartda Kulinariya Olimpiadasında görüşümüz zamanı bu rəyi yazmasına razılıq almışdım.

Kitabı ingilis dilinə tərcümə edən BDU-nun Xarici Dillər kafedrasının müdiri, filologiya elmləri doktoru Bəylər Hacıyevdir.

İngilis dili nəşrini TEAS nəşriyyatı yüksək səviyyədə həyata keçirib.

Kitabın hazırlanmasına təşkilati-texniki dəstək “YABAN” pub və restoranlar şəbəkəsi və “Xanədan” etno-restoranı tərəfindən verilib. Hazırda bu komanda kitabın rus dili nəşri üzərində işləyir.

Ermənilər təkcə bizim torpaqlarımızı, maddi mədəni abidələrimizi deyil, həm də qeyri-maddi mədəni irsimizi, o cümlədən milli mətbəx abidələrimizi və irsimizi talan edib, dağıdıb və mənimsəyiblər. Bu kitab onlara verilən tutarlı cavablarımızdan biridir.”

Aysel, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
9
www.bakupost.az

10Mənbələr