ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsinin görkəmli alimləri olmuş - Rüstəm Rüstəmov, Hacı Quliyev və Ələddin Əsgərovun 100 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib.
"Unikal" xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xatirə gecəsində mərhum alimlərin elmi və pedaqoji fəaliyyətindən bəhs olunub, onların elmi irsi və baytarlıq elminə töhfələri geniş şəkildə təqdim edilib.Tədbirdə Universitet rəhbərliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Səməd Tomuyev, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının müavini Həsən Həsənov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Recep Öztop, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri Fuad Əliyev, professor-müəllim heyəti və mərhum alimlərin ailə üzvləri iştirak ediblər.Tədbirdə alimlərin həyat və fəaliyyətinə həsr olunan video çarxlar nümayiş olunub, onların yetirmələri və tələbələri çıxışlar edərək xatirələrini bölüşüblər.Çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov görkəmli alimlərin Azərbaycan elminin inkişafındakı xidmətlərini xüsusi vurğulayıb. O bildirib ki, bu cür tədbirlər gənc nəslin elmə marağının artırılmasında və elm adamlarının həyat yolunun örnək kimi təqdim olunmasında mühüm rol oynayır.Daha sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Səməd Tomuyev çıxış edərək regionda elmin və təhsilin inkişafında böyük rol oynamış alimlərin xidmətlərini yüksək qiymətləndirib. O, bu kimi tədbirlərin yalnız bir yaddaş aktı deyil, gələcək nəsillərə stimul verən mühüm təşəbbüs olduğunu bildirib.Baytarlıq təbabəti fakültəsinin dekanı Şəlalə Zeynalova çıxışında qeyd edib ki, bu alimlər təkcə elmə deyil, həm də mənəviyyata, insanlığa və Vətənə sədaqət nümunələri olublar. Onların yetirmələri bu gün də həmin dəyərləri yaşadır.Tədbirə onlayn bağlantı ilə qoşulan “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nin İdarə Heyəti sədrinin müavini, tibb üzrə fəlsəfə doktoru Azər Dəmirov baytarlıq və tibbi elmlərin kəsişməsində dayanan ortaq dəyərlərdən danışıb, insan və heyvan sağlamlığının qorunmasında elm adamlarının üzərinə düşən missiyanı vurğulayıb.Tədbirin beynəlxalq iştirakçılarından biri olan, İngiltərə Kral Cərrahlar Kollecinin üzvü və Səudiyyə Ərəbistanında fəaliyyət göstərən neyrocərrah Arif Əsgərov da tədbirə onlayn qoşularaq, Azərbaycan elminin dünya elmi ilə inteqrasiyası və alimlərin bu yolda oynadığı rolu qeyd edib.Tədbirin bədii hissəsində tələbələr və gənc ifaçılar çıxış ediblər. Milli musiqimizin incilərindən olan muğam ifası gecəyə xüsusi ahəng qatıb.Sonda Baytarlıq təbabəti fakültəsinin inkişafında xidmətləri olmuş bir sıra müəllimlərə təşəkkürnamələr təqdim olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.