Son illərin tendensiyası göstərir ki, bakalavr səviyyəsində daha az prestijli və əmək bazarında zəif tələbat olan ixtisasları bitirən məzunlar magistratura mərhələsində daha çox MBA proqramını seçirlər.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Vüsət Əzizov söyləyib.
Ekspertin sözlərinə görə, hər bir bakalavr yalnız öz ixtisasına uyğun magistr proqramlarını seçə bilər:
"Dövlət İmtahan Mərkəzi tərəfindən magistratura ixtisas seçimi üzrə bakalavr ixtisaslarına uyğunluq siyahısı “Abituriyent” jurnalının 3‑cü sayında nəşr olunub. Namizədlər bu jurnalı əldə edərək ixtisas uyğunluqları barədə ətraflı məlumat ala bilərlər.
Hər bir bakalavr yalnız öz ixtisasına uyğun magistr proqramlarını seçə bilər. Məsələn, bakalavr təhsilini iqtisadiyyat üzrə başa vuran şəxs digər ixtisaslara müraciət edə bilməz, çünki seçimin əsasını ixtisas uyğunluğu təşkil edir".
Həmsöhbətimizin sözlərinə görə, bəzi istisnalar da mövcuddur:
"Belə ki, I ixtisas qrupu üzrə bakalavr təhsili alan namizədlər üçün 56‑cı proqram, yəni MBA (Biznesin İdarə Edilməsi) proqramı alternativ seçim imkanı yaradır. Bu proqram digər ixtisas qruplarına mənsub bakalavrlara da yeni sahədə özlərini sınamaq fürsəti verir.
Namizədlər seçim edərkən əmək bazarındakı tələbləri nəzərə almalıdırlar. Son illərin tendensiyası göstərir ki, bakalavr səviyyəsində daha az prestijli və əmək bazarında zəif tələbat olan ixtisasları bitirən məzunlar magistratura mərhələsində daha çox MBA proqramını seçirlər. Bu proqramın ixtisasları üzrə məzunlar əmək bazarında daha sürətli iş tapa və daha yüksək əmək haqqı əldə edə bilirlər".
"Magistr məzununun çalışacağı müəssisə, onun malik olduğu beynəlxalq sertifikatlar və peşəkar bacarıqları əmək haqqının müəyyən olunmasında mühüm rol oynayır",- deyə ekspert qeyd edib:
"Eyni zamanda, əmək haqqına təsir edən müxtəlif faktorlar da var. Məsələn, magistr məzununun çalışacağı müəssisə, onun malik olduğu beynəlxalq sertifikatlar və peşəkar bacarıqları əmək haqqının müəyyən olunmasında mühüm rol oynayır.
Əmək bazarına nəzər saldıqda görmək olar ki, maliyyə ixtisası üzrə vakansiyalarda maaşlar adətən 600-700 AZN aralığında olsa da, bəzi hallarda bu məbləğ 1000 AZN‑dən də yuxarı ola bilər. Qeyd olunan məbləğlər əsasən işəgötürənlərin tələblərini tam qarşılayan namizədlərə təklif olunur".