AZ

Hidayət Heydərov: Qələbədən sonra gələn sual dolu sükut

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Anar Həsənov yazır...

Bir vaxtlar üzərində qurulan ümidləri doğruldan, bir millətin sevinci, himnimizi səsləndirən Hidayət Heydərov qalxdığı zirvədə qalmağı və həmin pilləni qorumağı bacarmadı. Avropa çempionatındakı məğlubiyyəti, həm də zəif rəqibə qarşı aldığı məğlubiyyət, düşündürücü və qəbuledilməz idi.

2024 Paris Olimpiadasında qazandığı qızıl medal təkcə onun yox, Azərbaycan cüdosunun da tarixində dönüş nöqtəsi oldu. Hidayət Heydərov bu uğurla yalnız bir çempion deyil, həm də simvola çevrildi. Gənclər onu örnək aldı, federasiya onu bayraqdara çevirdi, xalq isə əfsanə kimi qürur duydu. Amma məhz burada məsələ baş qaldırır: böyük titul daha böyük məsuliyyət deməkdir. Hidayət isə bu yükün altında qalmaq əvəzinə, yıxılmağa meyilli olduğunu göstərdi.

Hazırlıqsız, laqeyd, ya özünəvurğunluq?

Avropa çempionatında baş verənlər sadəcə texniki bir uğursuzluq deyil. Bu, həm də psixoloji və peşəkar hazırlığın zəifliyindən xəbər verir. Hidayət Heydərov bəlkə də bu turniri ciddiyə almadı, rəqibini kiçik saydı, ya da özünü artıq toxunulmaz hesab etdi. İdmanda ən təhlükəli fikir budur: "Mən artıq çempionam". Amma tarix göstərir ki, çempionluq heç zaman daimi bilet deyil - onu hər turnirdə yenidən qazanmaq lazımdır.

2024-cü ilin bütün reytinq cədvəllərinə başçılıq edən Hidayət Heydərov Gənclər və İdman Nazirliyinin tərtib etdiyi reytinq sıralamasında ilk onluğa belə daxil ola bilmədi. Hərçənd bu göstərir ki, uğur qazanmaq qədər, həmin uğuru əlində qoruyub saxlaya bilmək də çətindir.

Əsas məqam isə odur ki, Azərbaycanda bir dəfə Olimpiya çempionu olan idmançılar eyni nailiyyəti ikinci dəfə təkrarlaya bilmirlər. Olimpiya çempionluğu bir idmançının əldə edə biləcəyi ən yüksək zirvədir. Təəssüf ki, Azərbaycan reallığında bu uğuru qazanan idmançılar, adətən, rahatlıq zonasına keçirlər. Çünki qızıl medal qazanan kimi:

Dövlət tərəfindən böyük mükafat verilir (maliyyə və mənzil şəklində);

Geniş xalq sevgisi, media diqqəti əldə edilir;

Bir çox hallarda bu idmançılar idarəçi və ya məşqçi postuna təklif alırlar.

Bütün bunlar nəticəsində idmançının içindəki "aclıq" - yəni yenidən qalib gəlmək istəyi azalır. İkinci dəfə olimpiya çempionu olmaq üçün bu aclıq həyati əhəmiyyət daşıyır.

Çünki, cüdo sadəcə texnika deyil - nizam-intizamdır!

Heydərovun məğlubiyyəti ilə bağlı istirahət dövrü, yorğunluq, motivasiya çatışmazlığı kimi verilən izahlar sadəcə bəhanələrdir. Həqiqi çempionlar hər turniri maksimum diqqətlə qarşılayırlar. Onlar zəfərlə öyünmək əvəzinə, növbəti döyüşlərə hazırlaşırlar. Hidayətin məğlubiyyəti təkcə bir matçın nəticəsi deyil, onun son dövrlərdəki yanaşmasının aynasıdır.

Azərbaycan xalqı, xüsusən idman azarkeşləri, qəhrəmanlarını yalnız qələbələrdə yox, məğlubiyyətlərdə də müşahidə edir. Hidayət Heydərovun Avropa çempionatındakı passiv çıxışı, məğlubiyyəti qəbul etməsi və bunun ardınca gələn səssizlik - bu xalqın inamına da kölgə salır. Çünki bir çempionun işi yalnız qızıl qazanmaq deyil, həm də məğlubiyyəti düzgün qarşılamaq, bunun səbəbləri ilə üzləşmək və geridönüş üçün mübarizə aparmaqdır.

Bu yazı, bir idmançını aşağılamaq yox, oyatmaq məqsədi daşıyır. Çünki Hidayət Heydərov hələ də Azərbaycanın idman xəzinəsinin ən dəyərli incilərindəndir. Amma bu incinin tozlanmasına göz yummaq, ona və xalqa hörmətsizlik olar. O bu məğlubiyyəti bir dönüş nöqtəsinə çevirməlidir. Ya əfsanə olmağı seçəcək, ya da ötəri bir uğurun yaddaşda qalan kölgəsi kimi tarixə düşəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
13
oxu.az

10Mənbələr