“Qarabağ”ın sabiq oyunçusu, Monteneqro millisinin futbolçusu Marko Veşoviç ölkəsinin “Vijesti” nəşrinə müsahibə verib.
QOL.az xəbər verir ki, müsahibədə 33 yaşlı futbolçu Ağdam klubundakı karyerasına və gələcək planlarına toxunub.
Bu yay müqaviləsi bitdikdən sonra "Qarabağ"la yolları ayıran təcrübəli futbolçu deyib:
"Qarabağ”da dörd uğurlu və gözəl il keçirdim. Çətin idi. Çünki klubun ambisiyaları hər mövsüm artırdı, lakin həm yerli çempionatda, həm də Avropa arenasında keyfiyyət və nəticələr göz önündə idi. Dörd dəfə çempion olduq, demək olar ki, eyni sayda “qızıl dubl” etdik, Avropa Liqasının 1/8 finalında “Bayer”lə qarşılaşdıq".
Veşoviç deyir ki, Avropanın həmin mövsüm sensasiyası olan komandaya - "Bayer"ə qarşı oyunu uzun müddət xatırlayacaqlar: "Təəssüf ki, hər iki oyunda əlavə dəqiqələrdə buraxdığımız qollara görə mərhələni keçə bilmədik. Klub böyüdükcə mən də oyunçu kimi inkişaf etdim. Amma artıq darıxırdım. Yeni motivasiyaya ehtiyac duyduğumu hiss etdim və yoluma davam etməyə qərar verdim. Klubdakı hər kəsə minnətdaram və onlara uğurlar arzulayıram".
Hazırda azad agent olan Markonun dediyinə görə, ona olan maraq çoxdur.
"Təkliflər kifayət qədərdir, lakin hazırda əvvəlki mövsümlərdə edə bilmədiyim istirahətin dadını çıxarmaq istəyirəm. Yaxın 10 gün ərzində konkret danışıqlar gözləyirəm. Karyeramı güclü bir liqada davam etdirmək istərdim, amma eyni zamanda ailəmlə sakit yaşaya biləcəyim Monteneqroya yaxın olmaq istəyirəm" - deyə o bildirib.