Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir. Mətbuat cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Bu baxımdan Azərbaycan milli mətbuatı tarixinin ilk səhifələrindən həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı da yerinə yetirib. Sözsüz ki, XX əsrin əvvəllərində Azərbaycanda dərc olunan mətbuat orqanları "Əkinçi" ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynamaqla siyasi fikrin formalaşmasında, ictimai və siyasi xadimlərin fəaliyyətlərinin gerçəkləşdirilməsində müstəsna xidməti olan əsas vasitələrdən olub. Beləliklə, maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması ilə "Əkinçi" özündən sonra bir sıra mətbu nəşrlərə cığır açmış oldu. Belə mətbuat orqanlarından biri də 1915-ci il oktyabrın 2-də Bakıda işıq üzü görən "Açıq söz"qəzetidir.
Qəzetin ilk sayının baş məqaləsi "Tutacağımız yol" adlanır. Müəllifi M.Ə.Rəsulzadə olan yazı bu sonluqla bitir: "Tutacağımız yolda önümüzə çıxacaq olanlara qarşı yeganə vasitəmiz olacaq açıq söz!"
Bu qəzetin nəşr olunduğu illər tarixi hadisələrin kulminasiya nöqtəsinə çatdığı, millətlərin öz müqəddəratının təyinatına can atdığı bir zaman idi. Belə bir vaxtda baş verən hadisələrə milli mətbuatımız da biganə qala bilməzdi və qalmadı da. Birinci Dünya müharibəsi illərində nəşr olunan "Açıq söz" qəzeti dövrün əsas ictimai-siyasi, iqtisadi, ədəbi-mədəni proseslərini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir. Qəzet həm mövzu rəngarəngliyi, həm ideya-siyasi istiqaməti, həm də forma və məzmun müxtəlifliyi ilə diqqəti cəlb edir. Qəzetin sanbalını artıran mühüm amillərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin elmi-nəzəri və ideoloji əsaslarının demək olar ki, "Açıq söz"ün səhifələrində formalaşmasıdır. Azərbaycan mətbuatı tarixinin görkəmli tədqiqatçısı professor Ş.Hüseynovun təbirincə desək, "Uzun illər dəmir seyflərdə gözdən və tədqiqatdan uzaq saxlanılan, yalnız xüsusi icazə ilə tanış olmaq imkanı verilən "Açıq söz"ün hər bir nömrəsi tariximizin kollektiv yaddaşı, canlı, düşünülmüş və həyat həqiqətlərini doğru və dolğun əks etdirən salnamədir".
AXC dövrü jurnalistikasının, xüsusilə demokratik mətbuatın ideya istiqamətinin müəyyənləşməsində "Açıq söz"ün ənənələrinin əhəmiyyətli rolu olub. Azərbaycan milli istiqlal hərəkatının təkanverici ideyalarını təbliğ və tərənnüm edən mətbu orqanları arasında "Açıq söz" qəzetinin də misilsiz rolu mütləq qeyd edilməlidir. Ona qədər Azərbaycanda nəşr olunan heç bir mətbuat orqanında "siyasi" sözü əvvəldə işlədilməmişdi. "Açıq söz"ün tutduğu yolun əsasını "Türkləşmək, islamlaşmaq və müasirləşmək" düsturu təşkil edirdi. Bu qəzetdə ilk dəfə "müsəlman", "tatar" sözləri əvəzinə Azərbaycan xalqının adı ilə bağlı "türk" sözü işlədilirdi. Qəzetin məramı onun birinci sayında dərc edilmiş proqram səciyyəli baş məqalədə belə ifadə olunmuşdur: "Dəhşətlərinə şahid olduğumuz böyük müharibə böyük bir həqiqəti - əsrimizin millətçilik əsri olduğunu sübut etdi. Özləri lazımınca bilib, istiqlal üçün müəyyən bir ideal, məfkurə bəsləyən millət, şübhəsiz ki, böyük bir qüvvət təşkil edir... Ayrı-ayrı millətlər, bir millət olaraq yaşaya bilmək üçün, hər şeydən əvvəl, özlərin bilməli, müəyyən fikir və əməllər ətrafında birləşərək, böyük bir məfkurəyə... sahib olmalıdırlar. Çünki müttəhid bir ruh və müştərək bir qayəyə malik olmayan millətlərlə yeni əsaslar üzərində qurulacaq həyat hesablaşmayacaq və belə bir silahdan məhrum olan cəmaətlər kimsəyə söz eşitdirə bilməyəcəklər".
"Açıq söz" qəzetinin fəaliyyətini şərti olaraq üç dövrə bölmək olar: İstibdad dövrü (1915-1917-ci illər fevral); İnqilabdan sonrakı dövr (fevral 1917-ci il-mart 1918-ci il); Azərbaycan Xalq Cümhuriyyəti dövrü (sentyabr-oktyabr -1918-ci il).
Birinci mərhələdə "Açıq söz" qəzeti ciddi senzura nəzarəti altında fəaliyyət göstərir, hər cür təqib və təsirə məruz qalırdı. Bir sıra hallarda qəzetin ayrı-ayrı yazıları təftiş olunur, siyasi mühakimə obyektinə çevrilirdi. Qəzetin həmin illərdəki nömrələrində bir sıra sütunların ağ buraxıldığına, "qayçılanmış" cümlələrə, abzaslara, bəzən isə sütunlara rast gəlmək olur.
1917-ci il fevral burjua inqilabından sonra ictimai-siyasi və ədəbi-mədəni həyatın bir sıra sahələrində olduğu kimi, mətbuatda da bir canlanma yaranır. "Açıq söz" "dövri-istibdaddan" bəri müdafiə etdiyi "Türkləşmək, islamlaşmaq, müasirləşmək" prinsipini "dövri-hürriyyət" gəlincə təkmilləşdirib "Ədəmi-mərkəziyyət, Qoşma Xalq Cümhuriyyəti və muxtariyyət" şüarları ilə əvəzlədi.
İctimai-siyasi hadisələrin əhəmiyyətindən asılı olaraq rubrikaları dəyişsə də, "Millətlər müharibəsi", "Son teleqraflar", "Sülh ətrafında", "Bakı xəbərləri", "Daxili xəbərlər" (1917-ci ildən "Əhvali-daxiliyyə"), "Dövlət Duması", "İran işləri", "Ərzaq işləri", "Türküstan xəbərləri", "Müsavatda", "Bizim mətbuat", "Şəhər duması", "Açıq sütunlar" qəzetin daimi rubrikalarından olub.
Xalq Cümhuriyyəti dövrü qəzetin fəaliyyətinin əsasını Azərbaycan Xalq Cümhuriyyətinin quruculuğunda iştirak, dövlətçiliyin qorunması, sivil cəmiyyət uğrunda mübarizə, türkçülük, müsavatçılıq və azərbaycançılıq ideyalarının təbliği və müdafiə olunması təşkil edib.
Beləliklə, qəzet fəaliyyət istiqamətinin aydınlığı, dəqiqliyi, prinsipiallığı ilə digər mətbu orqanlardan seçilərək zamanın bütün çətinliklərindən uğurla çıxa bilmiş, Azərbaycan oxucusunun rəğbətini qazanmağı bacarmışdı.
"Açıq söz" hər nömrəsində xalqı, milləti narahat edən məsələlərdən bəhs etməklə taleyüklü problemlərin kökünü araşdıraraq, həlli üçün çıxış yollarını göstərən bir mətbu orqanı olub. Qəzet ilk sayından etibarən istər Qafqazda, istərsə də Rusiyanın daxilində gedən ictimai-siyasi proseslər, baş verən hadisələr, milli dirçəliş, milli-mədəni və milli-məhəlli muxtariyyət məsələləri və müharibənin xalqların həyatına gətirdiyi faciələr barəsində yazılar dərc edirdi.
"Açıq söz" birinci nömrəsindən 717-ci nömrəsinə qədər 4 səhifə, 717-ci nömrədən 724-cü nömrəyə qədər 2 səhifə ilə çap olunub. 1918-ci il martın 18-də çap olan saylarında redaksiyanın ünvanı, nəşr olunan mətbəənin adı və kimlər tərəfindən nəşr olunduğu dəqiq göstərilib. Lakin oktyabrın 4-dən 11-nə kimi olan nömrələrin heç birində mətbəə göstərilməyib. Bu da onu göstərir ki, qəzetin bu sayları müxtəlif mətbəələrdə və səyyar şəkildə nəşr edilib.
Sovet dövrü tədqiqatlarında, biblioqrafiya, məlumat-sorğu kitablarında, dərslik və ensiklopediyalarda qəzet antimilli, mürtəce istiqamətli, burjua millətçi ideyalarını təbliğ edən, proletar beynəlmiləlçiliynə və sosialist inqilabına qarşı çıxan, geniş xalq kütlələrini inqilabi fikirlərdən yayındıran mətbuat orqanı kimi dəyərləndirilib.
"Açıq söz" qəzetinin naşirlərinə gəlincə, 1917-ci ilin avqustuna kimi M.Ə.Əbdüləzizoğlu (Rəsulzadənin) avqustun 1-dən 1918-ci il yanvarın 3-nə qədər M.Ə.Rəsulzadə və Orucov qardaşlarının (Oruc, Abuzər, Qənbər) müştərək naşirliyi ilə buraxılmışdır. 1918-ci il yanvar-mart nömrələrinin naşiri M.Ə.Rəsulzadə, sentyabr-oktyabr nömrələrinin naşiri isə yenidən M.Ə.Əbdüləzizoğlu olmuşdur. "Açıq söz"ün nəşr olunduğu mətbəələrə gəldikdə, qəzetin 422 sayı "İqdam" mətbəəsində, 423-dən 704-cü saya qədər H.Z.Tağıyevin "Kaspi" mətbəəsi əsasında formalaşdırılmış "Açıq söz" elektrik tipoqrafiyasında, 1918-ci ilin sentyabr-oktyabr aylarını əhatə edən 8 nömrəsi isə "Novruz" mətbəəsində çap olunmuşdur.
Sentyabr ayında çıxan nömrələr isə 717-dən başlayır və 724-ə qədər davam edir. Müxtəlif mənbələrdə qəzetin sayı fərqli göstərilir. Araşdırmaçılar əsas iki versiyanın olmasını mümkün hesab edirlər. Ya qəzet 704-cü sayından 717-ci sayınadək gizli şəkildə nəşr olunub, ya nömrələri indiyədək tapılmayıb, ya da müəyyən fasilədən sonra nəşri bərpa edilərkən çap olan nömrələrin sayında qeyri-dəqiqliyə yol verilib. Amma əksər araşdırmaçılar mətbuat tarixində özünəməxsus yeri olan "Açıq söz" qəzetinin 724-cü nömrəsinin işıq üzü gördüyü qənaətindədirlər.
Qəzetin dərc olunan məqalələrində yalnız Azərbaycan türklərinin yox, bütövlükdə çar imperiyasının əsarətində əzab çəkən türklərin vəziyyətindən bəhs edilirdi. Qəzet türkləri cəsarət və əzmlə haqq işi uğrunda mübarizəyə çağırırdı. M.Ə.Rəsulzadənin məqalələrinin birində Türküstanın 50 ilə yaxın müddətdə hüquqsuz hala düşməyindən bəhs edilirdi.
Bolşeviklər "Açıq söz"ün ilk nömrəsindən onun məqsəd və məramını dərk etdikləri üçün qəzetə olan nifrətlərini gizlədə bilməmişdilər. Onlar "Açıq söz"ün redaksiyasını hətta "Türkiyənin Bakı cəbhəsi" adlandırırdılar. 1918-ci il mart hadisələri zamanı "Müsavat" partiyasının binasını və "Açıq söz" qəzetinin mətbəəsini yandıran zaman "Türkiyənin Bakı cəbhəsi"ni yıxdıq deyə şənlənirmişlər.
"Açıq söz" qəzeti 1917-ci il oktyabr inqilabından sonra Rusiyanın vəziyyətini diqqətlə izləyir. Qəzetin həmin ildəki saylarında müntəzəm olaraq bu barədə xəbərlər verilirdi. M.Ə.Rəsulzadə "Yeni hökumətin təzə bəyannaməsi" adlı məqaləsində Rusiyanın müharibədəki vəziyyətindən bəhs edirdi.
Qəzet xalqı milli varlığını və hüququnu qorumaq, milli azadlığa və müstəqilliyə nail olmaq üçün bir fikir və əməl ətrafında birləşməyə məfkurə birliyinə çağırırdı. 1918-ci il martın 15-də çap olunmuş 702-ci sayında tanınmış jurnalist Sənətullah Eynullayev "S.İbrahim" imzası ilə yazdığı "Dəhşətli saat gəlir, birlik gərək" məqaləsində Bakı faciəsindən 3 gün əvvəl siyasi partiya rəhbərlərini xəbərdar edirdi.
"Açıq söz"çülər fevral inqilabına qədər milli-məhəlli muxtariyyət şüarı ilə çıxış edirdilərsə, mütləqiyyətin süqutundan sonra onların mövqeyində əsaslı dönüş yarandı. Bu zaman "Müsavat" partiyası qəzetdə dərc olunmuş proqramında yazırdı: "Milli və vətən vəzifəmizi hüsni ifa etmək üçün yeganə bir vasitə vardır ki, o da Məclisi-Müəssisana hazırlaşmaq və oraya hazır proqram və aydın məramla getməkdən ibarətdir".
Qəzetin mətbuat tarixindəki rolunu qeyd edərkən bir faktı da nəzərdən qaçırmaq olmaz. "Açıq söz" açıq fikirli, vətənsevər insanların tribunası idi. Xatırladaq ki, görkəmli tarixi şəxsiyyət Mirzə Bala Məmmədzadə ilk publisistik yazılarını, siyasi mövzuda yazdığı məqalə və əsərlərini "Açıq söz"də yazıb. Onun bir yazar kimi püxtələşməsində "Açıq söz"ün və "Açıq söz"çülərin əməyi danılmaz bir faktdır.
Qəzetin dolğun, mövzu rəngarəngliyinin təmin olunmasında dövrün ədibləri, ictimai-siyasi xadimləri Nəriman Nərimanov, Əhməd bəy Ağayev, Hüseyn Cavid, Əhməd Cavad, Abdulla Şaiq, Tağı Şahbazi, Yusif Vəzir Çəmənzəminli, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyli, Sənətullah Eynullayev, Əzim Əzimzadə, Mirzə Bala Məhəmmədzadə, Cəfər Cabbarlı, Məhəmməd Hadi və başqalarının əvəzsiz xidmətləri olub.
"Açıq söz" qəzeti öz səhifələrində "Müsavat" ideyalarının əsas təbliğatçısı olsa da, araşdırmaçılar hesab edirlər ki, qəzet rəsmi partiya orqanı kimi qəti fəaliyyət göstərməyib, müstəqil qəzet funksiyasını sonadək yerinə yetirib.
Elşən QƏNİYEV,
"Azərbaycan"