Bu gün Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti barədə çoxlu xəbərlər yayılacaq, şərhlər veriləcək. Mən məsələyə tamam fərqli rakursdan baxmaq istəyirəm.
Bu tədbir Azərbaycanın otuzillik mübarizəsinin, sabitlik və suverenlik uğrunda apardığı mücadilənin məntiqi və rəmzi yekunu kimi dəyərləndirilə bilər. Vaxtilə separatizmin mərkəzinə çevrilmiş bir şəhərin bu gün beynəlxalq təşkilata ev sahibliyi etməsi, artıq yalnız simvolika deyil- dərin strateji dəyişimin göstəricisidir.
Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində yalnız ərazilərini deyil, tarixi ədaləti də bərpa etdi. Lakin müharibədən sonrakı mərhələ heç də az önəmli olmadı. Dövlətin bərpa və yenidənqurma strategiyası bu bölgənin sadəcə keçmişə qayıdış deyil, həm də gələcəyə doğru bir sıçrayış olması üçün quruldu. Qarabağda yüzlərlə kilometr yeni yol çəkildi, Zəfər Yolu, Laçın dəhlizi, Şuşa tuneli istifadəyə verildi. Füzuli və Zəngilan hava limanları istifadəyə açıldı. Ağdamda, Füzulidə sənaye zonaları və "ağıllı kənd" layihələri həyata keçirilir. Yəni Qarabağ artıq bir inkişaf platforması kimi nəzərdə tutulur və bu məqsəd uğurla reallaşdırılır.
İnfrastrukturun qurulması fonunda paralel bir proses də davam edir: illərlə bölgədə separatizmi yönləndirən şəxslər bu gün Bakıda məhkəmə qarşısındadırlar. Arayik Harutyunyan, Bako Saakyan, Vitali Balasanyan və digərləri qanunsuz silahlı birləşmələr yaratmaqda, müharibə cinayətlərində və etnik təmizləmə əməllərində ittiham olunurlar. Bu məhkəmə prosesi həm ədalətin yerini alması, həm də hüququn və dövlət suverenliyinin bərpasıdır. Beynəlxalq ictimaiyyət də bu prosesi müşahidə edərək bir reallığı qəbul edir: separatizm təkcə hərbi-siyasi yox, hüquqi baxımdan da iflasa uğrayıb.
Separatizmin hüquqi və siyasi məğlubiyyəti ilə eyni vaxtda Qarabağdakı təhlükəsizlik statusu da dəyişdi. Rusiya sülhməramlı qüvvələrinin bölgəni tərk etməsi, Ermənistanın rəsmi şəkildə Qarabağı Azərbaycan ərazisi kimi tanıması bu prosesi təsdiqlədi. Bu, Azərbaycan diplomatiyasının ciddi uğuru olmaqla yanaşı, 30 ildən artıq davam etmiş geosiyasi qarşıdurmalara da hüquqi nöqtə qoydu. Artıq bu ərazi ilə bağlı status mübahisəsi yoxdur. Yeganə hüquqi qüvvə Azərbaycan Konstitusiyası və dövlət suverenliyidir.
Bu arada Ermənistanın daxili siyasi vəziyyəti də Qarabağ məsələsinə təsirsiz qalmadı. Revanşist qüvvələrin nüfuzdan düşməsi, sabiq prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın istintaqa cəlb olunması və ictimai etimadın tükənməsi fonunda Ermənistan hakimiyyəti özündə sülh siyasətini qorumağa çalışır. Cəmiyyət isə artıq təkrar müharibə və ya iddia ritorikası ətrafında deyil, real iqtisadi və sosial problemlərlə maraqlanır. Bu da göstərir ki, Ermənistan cəmiyyəti faktiki reallıqla barışmaq mərhələsinə keçib.
Qarabağı tərk etmiş ermənilərin “geri dönüş hüququ” ilə bağlı iddiaları isə hüquqi əsaslardan məhrumdur. Beynəlxalq hüquqa görə, geri dönüş yalnız zorla yerindən edilmiş şəxslərə tətbiq edilir. Qarabağ erməniləri isə könüllü şəkildə - və bir çox hallarda separatçılarla həmrəy olduqlarını bəyan edərək- ərazini tərk ediblər. Onların çoxu Azərbaycan vətəndaşı statusunu qəbul etməyib və ölkənin hüquq sisteminə tabe olmaqdan imtina edib. Belə bir halda onların “qaçqın” kimi tanınması və geri dönmək hüququndan bəhs edilməsi əsassızdır. Bu, həm hüquqi, həm də siyasi baxımdan mümkün deyil və Azərbaycan dövləti bu mövqedə tam haqlıdır.
Bütün bu proseslərin fonunda Xankəndidə keçirilən İƏT sammiti sadəcə bir tədbir kimi yox, Azərbaycanın yeni regional statusunun təntənəli elanıdır. Sammitdə müsəlman ölkələrinin, o cümlədən Pakistan, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan və digər dövlətlərin nümayəndələrinin iştirakı, İƏT-in Qarabağ reallığını qəbul etdiyini və Azərbaycanın suverenliyini tanıdığını sübut edir. Bu isə beynəlxalq legitimliyin daha da dərinləşməsi deməkdir.