AZ

"Səssiz qatil" Avropada azı 9 insanı öldürüb: mütəxəssislər xəbərdarlıq etdi

Avropada yay fəslinin ortasında müşahidə olunan anomal istilər fəlakətli nəticələr doğurub. Son günlərdə qitəni əhatə edən güclü isti hava dalğası azı 9 nəfərin həyatına son qoyub.

Publika.az xəbər verir ki, İtaliya, İspaniya, Fransa və Almaniyada havaların kəskin istiləşməsi həm əhalinin sağlamlığına, həm də infrastruktur və təbiətə ciddi təsir göstərib.

İtaliya ən çox təsirlənən ölkələrdən biridir. Burada havanın temperaturu bir sıra şəhərlərdə 38 dərəcəni keçib və hakimiyyət orqanları Milan, Roma, Bolonya və Florensiya da daxil olmaqla bir çox şəhərdə “qırmızı” təhlükə səviyyəsi elan ediblər. Bolonya yaxınlığında tikinti sahəsində çalışan 47 yaşlı işçi günorta saatlarında günvurma nəticəsində həyatını itirib. Sardiniyada iki kişi, Siciliyanın Palermo şəhəri yaxınlığında isə ürək-damar xəstəliyindən əziyyət çəkən 53 yaşlı qadın istilərin qurbanı olub.

İspaniyada isə bəzi bölgələrdə temperatur 46 dərəcəyə çatıb. Burada da istidən ölüm və xəstəxanalara müraciətlər qeydə alınıb. Fransada vəziyyət o qədər kritik olub ki, bəzi məktəblər müvəqqəti bağlanıb, Eyfel qülləsinə giriş məhdudlaşdırılıb. Almaniyanın Brandenburq və Saksoniya bölgələrində isə meşə yanğınları başlayıb.

Mütəxəssislər bu cür isti hava dalğalarını “səssiz qatil” adlandırırlar, çünki onlar qəfil və səssiz şəkildə bir çox insanın həyatına son qoyur. Həkimlər xəbərdarlıq edir ki, uzun müddət davam edən istilər bədənin temperatur tənzimləmə sisteminə mənfi təsir edir, nəticədə orqanlarda yük artır və istilik zəhərlənməsi, huşsuzluq, ürək çatışmazlığı kimi hallar baş verir.

ASNA agentliyi qeyd edib ki, isti dalğalar Avropada bir il ərzində minlərlə insanın həyatına son qoyur. Araşdırma nəticəsində məlum olub ki, 2022-ci ilin yayında istilər səbəbindən 61 min insan həyatını itirib və bu, Avropada rekord həddə çatıb.

Seçilən
10
13
publika.az

10Mənbələr