AZ

"Azərbaycan iqtisadiyyatının əsas investisiya ehtiyacı müharibə dövründə olub" - İQTİSADÇI AÇIQLADI

"Yerli istehsal müəssisələrinin beynəlxalq tədarük zəncirlərinə inteqrasiyası və qlobal iqtisadiyyata adaptasiyası iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə beynəlxalq iqtisadi sistemə səmərəli inteqrasiya üçün ilk növbədə mövcud istehsalatın rəqabətqabiliyyətli olması əsas şərtlərdəndir. Rəqabətqabiliyyətin təmin olunması üçün istehsal olunan məhsullar həm keyfiyyət baxımından beynəlxalq standartlara cavab verməli, həm də müasir texnoloji əsaslara söykənən istehsal prosesləri ilə müşayiət olunmalıdır. Bu, maya dəyərinin aşağı düşməsi və nəticə etibarilə məhsulun xarici bazarda rəqabətə davamlı olmasına səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova deyib.

Onun sözlərinə görə, lakin qeyd edilən bu iki meyar – yüksək keyfiyyət və aşağı maya dəyəri – eyni vaxtda nadir hallarda reallaşa bilir: "Bununla belə, müasir dövrdə əsas tələbat keyfiyyətli məhsullara yönəlmişdir. Əhalinin gəlir səviyyəsinin artması, sosial rifah və yaşayış standartlarının yüksəlməsi fonunda istehlakçılar daha keyfiyyətli məhsullara üstünlük verir. Bu gün bir məhsulun bazar qiyməti 10 AZN olsa belə, onun yüksək keyfiyyətli olması səbəbilə istehlakçılar bu məhsula 100 AZN ödəməyə hazırdır.

Bu sahədə mövcud problemlər sırasında yerli istehsalın məhdudluğu, beynəlxalq bazara çıxışda üzləşilən çətinliklər, ixrac təşviqi sahəsində maarifləndirmənin zəifliyi, sənayenin modernləşməsi və xarici investisiyaların cəlb olunması səviyyəsinin aşağı olması, habelə beynəlxalq təcrübənin çatışmazlığı kimi faktorlar xüsusi qeyd olunmalıdır".

Ekspert bildirib ki, əsas problemin kökü isə ondan ibarətdir ki, 15-20 il öncə əksər ölkə vətəndaşları Azərbaycan adlı dövlətin mövcudluğundan xəbərsiz idi, bu səbəbdən də ölkəyə kapital qoyuluşu baş vermirdi: "Hazırda da ölkəmizi tanımayan xarici şəxslər mövcuddur. Lakin Azərbaycanın iqtisadi inkişafı son illərdə öz zirvə nöqtəsinə çatmış və ölkə beynəlxalq arenada daha fəal şəkildə təmsil olunmağa başlamışdır. Qarabağın azad edilməsi, beynəlxalq musiqi və idman yarışlarında iştirak, müxtəlif festivallar, beynəlxalq layihələrdə iştirakı və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu Azərbaycanın iqtisadi uğurlarını təsdiqləyən faktorlardandır. Bütün bunlar xarici investorların marağını artırmaqla ölkəmizi daha da cəlbedici edir.

Bununla belə, nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatının əsas investisiya ehtiyacı müharibə dövründə olmuşdur. Hazırda isə əsas ehtiyac ixtisaslı mütəxəssislərədir. Belə mütəxəssislər beynəlxalq təcrübədən faydalanmaqla "Made in Azerbaijan" brendi altında yerli məhsulların beynəlxalq səviyyədə tanıdılmasına töhfə verə bilərlər. Hal-hazırda xarici investorların əksəriyyəti Qarabağ iqtisadi zonasına və ya neft sektoruna sərmayə yatırır, çünki bu sahələr yüksək gəlirlilik potensialına malikdir. Lakin sənaye və istehsal sahələrinə sərmayə qoyuluşu bu sahələrin də inkişafına təkan verə bilər"- deyə, iqtisadçı əlavə edib.

Müəllif: Xeyrənsə Piriyeva
Seçilən
6
50
sia.az

10Mənbələr