AZ

İqtisadçı: "Rusiya ilə gərginlik Azərbaycan iqtisadiyyatını inkişaf etdirəcək"

"Azərbaycanın ixracının təqribən 4%-i Rusiyaya yönəlib. Rusiyadan Azərbaycana  idxal isə təqribən 17,2%-dir. Yəni, bu, bizim ümumi idxalımızın təqribən 17%-ini təşkil edir. Bunlar olduqca ciddi rəqəmlərdir. 

Amma iqtisadi münasibətlər elədir ki, əgər bir istiqamətdə problemlər yaranırsa, digər bir istiqamətdə yeni üfüqlərin görünməsi, yeni istiqamətlərin meydana çıxması da istisna deyil. Əgər Azərbaycanla Rusiya arasında münaqişə baş verərsə – iqtisadi, siyasi problemlər, sanksiyalar yaranarsa, bir neçə ssenari nəzərdən keçirilə bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib.

O bildirib ki, ticarət tərəfdaşı olaraq müəyyən problemlər yaşana bilər:

"Biliyiniz kimi, əsas iqtisadi münasibətlər ərzaq, kənd təsərrüfatı məhsulları istiqamətindədir. Bu istiqamətdə Azərbaycan məhsullarının Rusiya bazarına axınının qarşısı alına bilər. 

Ərzaq məhsullarının sırasında xüsusilə alkoqollu içkiləri də qeyd etmək lazımdır. Azərbaycan məhsulları bazarda mövqelərini itirsə, bu, alternativ bazarların axtarılmasına və tapılmasına gətirib çıxara bilər.

Aralıq dövrdə müəyyən iqtisadi problemlər yaşana bilər, amma təcrübə göstərir ki, heç bir dövlət tərəfdaşını itirməklə iqtisadi baxımdan çöküb, iflasa uğramır. Müəyyən çətinliklər olur, lakin sonra dünya bazarında yeni tərəfdaş tapmaq mümkündür. Əgər məhsullar ucuz və keyfiyyətlidirsə, bu proses daha da sürətlənə bilər".

Ekspertin sözlərinə görə, bu prosesdə ilk növbədə ərzaq, meyvə-tərəvəz ixracatçıları zərər çəkə bilər:

"Bundan əlavə, logistika problemləri, maliyyə riskləri yarana bilər. Amma bunların qarşısını almaq üçün diversifikasiya və qərblə əməkdaşlığın gücləndirilməsi vacibdir.

Azərbaycan iqtisadiyyatı keçici çətinliklər yaşasa da, beynəlxalq əlaqələr və siyasi situasiya elə bir zəmin yarada bilər ki, Azərbaycan daha yaxşı partnyorlar əldə edər və inkişaf edər. Qərbin dəstəyi də bu baxımdan əhəmiyyətlidir. Çünki Rusiya ilə münasibətlər bəzən beynəlxalq müstəvidə problemlər yaradır.

Azərbaycan bu günə qədər siyasi və iqtisadi tarazlığı əsas götürərək Rusiya ilə münasibətləri saxlayıb. Amma Rusiya radikal, ifrat mövqeyini davam etdirərsə, Azərbaycan qısamüddətli çətinliklərlə üzləşsə də, uzunmüddətli perspektivdə daha böyük imkanlar əldə edə bilər.
Bu prosesin daha da dərinləşməsi istənilən deyil. 

Ümid edək ki, Rusiya radikal mövqedən əl çəkəcək və daxildəki ifratçı qrupları nəzarətə götürəcək. Əgər bu baş verməzsə, Azərbaycan müəyyən zərər görsə də, Rusiya bundan qat-qat çox ziyan çəkəcək".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
1
50
demokrat.az

10Mənbələr