AZ

Türk dünyasının inteqrasiyası və güclənməsi üçün real imkanlar

Anar Məmmədov

Milli Məclisin deputatı

Azərbaycanın Mərkəzi Asiya, regionun türkdilli dövlətləri, o cümlədən Özbəkistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir və strateji səviyyəyə yüksəlir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin də iyulun 2-də Azərbaycana etdiyi rəsmi dövlət səfəri ölkələrimiz və xalqlarımız arasında uzun illərdən bəri formalaşmış dostluq münasibətlərinin ən yüksək səviyyədə olduğunun göstəricisidir.

Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Azərbaycan-Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün genişləndirilir. Eyni zamanda, Özbəkistanda yüksək səviyyədə təşkilatlanmış Azərbaycan diasporu da bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

Özbəkistan Respublikasının Prezidentinin Azərbaycana etdiyi rəsmi dövlət səfəri dünyada yeni yaranmış geosiyasi hadislər fonunda xüsusi hədəflərə hesablanmış tarixi bir hadisədir. Səfər təkcə Azərbaycan-Özbəkistan əlaqələrini tamamilə yeni və strateji tərəfəfdaşlıq mərhələsinə yüksəltmir, eyni zamanda Türk dünyasının inteqrasiyası və güclənməsi üçün real imkanlar yaradır.

İki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Bunun nəticəsində qardaş ölkələr arasında təşəkkül tapmış strateji tərəfdaşlıq günbəgün güclənməkdə və məzmunca daha da zənginləşməkdədir. Bunun nəticəsidir ki, səfərin əsas mahiyyətinə strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. Səfər çərçivəsində həyata keçirilmiş tədbirlər, Bakıda “Özbəkistan” parkının təməlqoyma mərasimi, Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni inzibati binasının açılışı və çoxsaylı əməkdaşlıq sənədlərinin imzalanması yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfədir.

Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində hər zaman Azərbaycanı dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir. Postsovet məkanında olan ölkələr arasında Özbəkistan yeganə ölkə idi ki, Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik əlaqə qurmurdu və Azərbaycanı dəstəkləyirdi.  Qürurvericidir ki, Özbəkistan lideri öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən dünyada ilk lider olub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına Mirzə Uluqbəyin adını daşıyan böyük məktəb binası inşa olunub. Bu gün Xankəndidə 200-dən çox insanın çalışdığı müəssisə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində fəaliyyət göstərir. Qeyd etdiklərimiz iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələrinin hərtərəfli inkişaf edərək xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərməsinin bariz nümunəsidir.

Eyni soy-kökə, qədim tarixə və ortaq mədəniyyətə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. Özbəkistanda Azərbaycan kapitallı 240-dan çox, Azərbaycanda isə 70-ə yaxın Özbəkistan şirkəti fəaliyyət göstərir. Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2024-cü ilin sonuna iki ölkə arasında ticarət dövriyyəsi 430 milyon dollara çatıb ki, bu da 2021-ci illə müqayisədə 3,5 dəfə çoxdur. Hər iki ölkə 2030-cu ilə qədər 1 milyard dollara çatmağı hədəfləyir. Sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrində başlanmış irimiqyaslı layihələri nəzərə alsaq, bu məqsəd kifayət qədər realdır.

Xəzər dənizi vasitəsilə Azərbaycana və daha da qərbə gedən Mərkəzi Asiyanın nəqliyyat infrastrukturunun mühüm  əhəmiyyətini qeyd etməmək olmaz. Azərbaycan Prezidenti də bunu vurğulayaraq, ölkəmizin tranzit körpüsü kimi əsas rolunu qeyd etdi. Bununla yanaşı, Qazaxıstan-Özbəkistan-Azərbaycan marşrutu üzrə “yaşıl” hidrogenin hasilatı və ixracı layihəsinin hazırlanması davam etdirilir. Bu, regionun Avropa və Yaxın Şərq üçün ekoloji cəhətdən təmiz enerjinin əsas təchizatçılarından birinə çevrilməsi istiqamətində ciddi addımdır. Əməkdaşlığın mühüm elementi həm də SOCAR və Özbəkneftqazın qarşılıqlı fəaliyyəti, o cümlədən Ustyurt bölgəsində geoloji kəşfiyyat işlərinin həyata keçirilməsidir. Yuxarıda göstərilən bütün məqamlar Özbəkistan və Azərbaycan xalqları arasında qardaşlığın sarsılmaz olduğunu inandırıcı şəkildə nümayiş etdirir. Liderlər arasında dərin qarşılıqlı anlaşmaya əsaslanan dövlətlərarası münasibətlərin xüsusi formatı isə bütün dünya üçün nümunədir. Beləliklə, Mirziyoyevin Bakıya səfərinin nəticələri və Ali Dövlətlərarası Şuranın iclası Azərbaycanla Özbəkistan arasında münasibətlərin strateji müttəfiqlik mərhələsinə qədəm qoyduğunu təsdiqləyir.

Azərbaycanla Özbəkistan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərin qarşılıqlı fəaliyyətidir. İki ölkə beynəlxalq parlament təşkilatlarında da bir-birinə dəstək verir, uğurlu əməkdaşlıq həyata keçirir. Təsadüfi deyil ki, bu yaxınlarda Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu keçirildi.

Ölkələrimiz arasında müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycan və Özbəkistan indiyədək əldə olunan dinamikanı bundan sonra da artıracaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəklər.

Seçilən
5
50
sabahinfo.az

10Mənbələr