“Qarabağ” Çempionlar Liqasının iştirak ərizəsinə Akademiyanın 4 gənc futbolçunu da daxil edə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə teleqraf-a Ağdam təmsilçisinin akademiyasının meneceri Nail Kərimov məlumat verib.
O, komanda ilə birlikdə Avstriyaya yollanan yarımmüdafiəçilər Hikmət Cəbrayılzadə və Mehdi Mütəllimli, müdafiəçilər Amin Rzayev və Həbib Qədimova dair planlardan danışıb.
Kərimov sözügedən futbolçuların özlərini doğrultduqları halda qarşıdan gələn avrokubok oyunlarında meydana çıxma şansı qazana biləcəklərini açıqlayıb:
“Futbolçular üçün ən böyük şans bu toplanışda iştirak etməkdir. Komandanın məşqçilər korpusu o şəraiti yaradıb:
Futbolçuların potensialına güvənərək onları heyətə daxil edib və özləri ilə birlikdə toplanışa aparıb. Artıq bundan sonrası özlərini necə göstərəcəklərindən asılıdır.
Hansı oyunçu daha yaxşı tərəfdən özünü göstərsə, inanırıq ki, o, komandada qalacaq. Bu halda avrokubok oyunlarında iştirak edə bilərlər”.
Akademiya rəsmisinin sözlərinə görə, gənclər uzun müddətdir əsas komandanın məşqlərində iştirak edir:
“Amin Rzayev və Hikmət Cəbrayılzadə artıq Premyer Liqada debüt ediblər. Həmçinin, 21 yaşadək futbolçulardan ibarət milli komandaya da dəvət alırlar. Futbolçular ötən mövsüm ərzində mütəmadi “Qarabağ”ın məşqlərinə qoşulublar.
Həm öz yaş qrupu üzrə oyunlarını keçirib, həm də əsas komanda ilə birlikdə məşqlərdə iştirak ediblər. Mövsümün sonuna doğru isə bu məşqlərə daha sıx qoşuldular.
Bakıda keçirilən təlim-məşq toplanışında da iştirak ediblər. O zaman 2006-cı il təvəllüdlü Davud Məsimov da məşqlərə qatılırdı.
Lakin Davud zədələndiyinə görə Avstriyaya gedə bilmədi. Bir müddət bərpa məşqləri keçirməlidir”.
“Qarabağ” iyulun 16-dən Zell-Am-Seenin Kaprun bölgəsində toplanış keçirəcək.
Ağdam təmsilçisi iyulun 7-də Ukraynanın “Metallist” (Xarkov), iyulun 11-də Niderlandın “Tvente" (eyni gündə iki görüş), iyulun 15-də Avstriyanın “Zaltsburq” komandasına qarşı yoxlama görüşləri keçirəcək.
“Köhlən atlar” Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.