AZ

5 ayda qeyri-neft ixracı – 1,4 milyard dollar

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyun sayına əsasən, 2025-ci ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artaraq 1,4 milyard ABŞ dollarına yüksəlib. Bu dövrdə yeyinti məhsullarının ixracı 14,4 faiz çoxalaraq 417,7 milyon ABŞ dollarına bərabər olub.

2025-ci ilin yanvar-may aylarında ixrac olunan kimya sənayesi məhsulları ötən ilin müvafiq dövrünə nəzərən 46,8 milyon dollar və ya 45,9 faiz, şəkər 3 milyon dollar və ya 30,1 faiz, pambıq iplik 1,3 milyon dollar və ya 14,5 faiz, meyvə-tərəvəz 48 milyon dolları və ya 19,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 3,8 milyon dollar və ya 11,3 faiz artıb.

Hesabat dövründə aqrar məhsullar üzrə ixrac 17,2 faiz artaraq 331,2 milyon dollara, aqrar-sənaye məhsulları üzrə ixrac isə 5,9 faiz artaraq 115,6 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar – sənaye məhsullarının birgə ixracı 14 faiz artaraq 446,7 milyon dollar təşkil edib. Qeyd olunan dövrdə ixrac edilən qeyri – neft sektoruna aid malların siyahısında qızıl (121,3 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (113,8 milyon dollar) ikinci, pambıq (88,8 milyon dollar) üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin may ayında isə ixrac edilən qeyri – neft sektoruna aid malların siyahısında pomidor (tomat) (39,1 milyon dollar) birinci olub. Bu siyahıda pambıq (27,2 milyon dollar) ikinci, qızıl (25,9 milyon dollar) üçüncü yerdə qərarlaşıb. Cari ilin ilk beş ayında Rusiya Federasiyasına 442,3 milyon dollar, Türkiyəyə 251,4 milyon dollar, İsveçrəyə 127,9 milyon dollar, Gürcüstana 125,5 milyon dollar, Ukraynaya isə 76,5 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Bu ilin may ayında Rusiya Federasiyasına 121,5 milyon dollar, Türkiyəyə 63,7 milyon dollar, İsveçrəyə 27,4 milyon dollar, Gürcüstana 19,7 milyon dollar, Ukraynaya 13,5 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

5 ay üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Baku Steel Company” QSC, “Avrora” Məhdud Məsuliyyətli Cəmiyyəti,”P-AQRO” MMC, “Export Stream” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Khan-El” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Sahdag SY” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Green Tech” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “İstisu” mineral su zavodu MMC, “Azəripək”.

2025-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 40 ölkəsinə 7 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65 faizini təşkil edib. 2025-ci ilin may ayında isə “Azərkosmos” dünyanın 33 ölkəsinə 1,4 milyon dollar dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,9 milyon dollar ilə Birləşmiş Krallıq, 1,5 milyon dolları ilə Lüksemburq, 345,6 min dollar ilə Nigeriya, 300,6 min dollar ilə Türkiyə, 298,2 min dollar ilə Misir qərarlaşıb.

 

 

Seçilən
0
9
xalqqazeti.az

10Mənbələr