Fövqəladə Hallar Nazirliyinin gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
"Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının zəruriliyini bildirir.