Şəmkir, 4 iyul, Vüsalə Cənnətova, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzi tərəfindən təşkil olunan silsislə xarakterli Aqrar Biznes Festivalının növbəti dayanacağı Şəmkir olub. AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev kənd təsərrüfatının idarə olunmasında müasir texnologiyaların, innovativ yeniliklərin tətbiqinin, əhəmiyyətindən söz açıb. 2023-cü ildə Şəmkir rayonunda 746,7 milyon manatlıq kənd təsərrüfatı məhsullarının istehsal edildiyi, 2024-cü ildə isə bu göstəricinin daha da artırılaraq 795,5 milyon manata çatdırıldığı vurğulanıb. Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, festivalın keçirilməsində məqsəd rayonların kənd təsərrüfatı sahəsində potensialını nümayiş etdirmək, işgüzar əlaqələri genişləndirməkdir.
Festival çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirə keçirilib. Daha sonra nümayiş etdirilən sərgi stendlərinə baxış keçirilib. Burada Şəmkirdə fəaliyyət göstərən 20-dən artıq sahibkar və şirkətlər tərəfindən yetişdirilən meyvə-tərəvəz məhsulları, toxum və bitki sortları, həmçinin kənd təsərrüfatı texnikaları nümayiş olunub. Festival şəmkirli incəsənət ustalarının hazırladıqları bədii proqramla davam edib.