Arzuxan Əlizadə: “Görünən odur ki, Zəngəzur dəhlizi ilə bağlı müəyyən proseslər gedir”
Məşhur Karnegi Fondu məlumat yayıb ki, Tramp administrasiyası Zəngəzur dəhlizinin açılması üçün Azərbaycan və Ermənistanla fəal işləyir və iki ölkəyə təklif irəli sürülüb:
“Ümumiyyətlə, bu plan Avropa İttifaqının təkliflərini təkrarlayır, lakin Amerika məntiqinə əsaslanır. İki mümkün variant var. Birincisi, sülh sazişini imzalamaq üçün Azərbaycanı Ermənistan konstitusiyası ilə bağlı irəli sürdüyü tələblərdən imtina etməyə inandırmaqdır. Buna, məsələn, Əliyevi Ağ Evə dəvət etməklə nail olmaq olar. İkinci, daha real variant isə marşrutun Ermənistan hissəsinə tam nəzarət tələbindən imtina etməsi - İrəvana Amerika modeli ilə razılaşması üçün təzyiq göstərməkdir. Müzakirələr hələ ilkin mərhələdə olsa da, təfərrüatlar dəyişdirilə bilər, ABŞ rəsmilərindən biri uğur qazanacaqlarna əmin olduğunu bildirib. Ola bilsin ki, prezident Tramp hətta buna görə Nobel mükafatı da alar”.
“Rusiya Cənubi Qafqazdan nə qədər tez tamamilə rədd edilib çıxarılsa, bu, bir o qədər region ölkələrinin xeyrinə olacaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, bu iddianın nə dərəcədə doğru olduğunu demək çətindir: “Ancaq görünən odur ki, Zəngəzur dəhlizi ilə bağlı müəyyən proseslər gedir. Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri, Qərblə təmasları bu qənaətə gəlməyə əsas verir ki, onlar müəyyən variantları nəzərdən keçirirlər. Təsadüfi deyil ki, Ermənistan bu məlumatı təkzib etmədi. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Tramp administrasiyasının Amerika biznesinin iştirakı ilə Zəngəzur dəhlizinin blokdan çıxarılmasını nəzərdə tutan plan təklif etməsi barədə yayılan xəbərləri şərh edərkən bildirib ki, beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir. Badalyan xatırladıb ki, beynəlxalq tərəfdaşlar da vaxtaşırı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən nəqliyyat yollarının açılması ilə bağlı öz ideyalarını irəli sürürlər. Fikrimcə, bu məqam diqqəti cəlb edir. Əslində bizim də marağımızdadır ki, Rusiya Zəngəzur dəhlizinə nəzarət etməsin. Çünki bu dövlət imperiya xislətindən əl çəkmir. Hara gedirsə, ora fəlakət gətirir. Rusiyanın azərbaycanlı iş adamlarına divan tutması bir daha sübut etdi ki, bu dövlətə etibar etmək olmaz. Nə qədər tez Rusiya Cənubi Qafqazdan tamamilə rədd edilib çıxarılsa, bu, bir o qədər region ölkələrinin xeyrinə olacaq. Bölgədə davamlı və dayanıqlı sülh, sabitlik olacaq. Bu baxımdan Paşinyan tələsməlidir. Konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır, Zəngəzur dəhlizinə razılıq verməlidir. Bütün bunlar Birləşmiş Ştatların dəstəyi ilə həyata keçirilsə, Tramp niyə də Nobel mükafatı almasın?!”.
Vidadi ORDAHALLI