AZ

Qapıları təhlükəyə açılan evlər… – VİDEO

Paytaxtda bir neçə yaşayış massivində, xüsusilə Keşlə, Biləcəri və Xırdalan ərazilərində dəmiryolu xəttinin mühafizə zonası uzun illərdir pozulur. Qaydalarda açıq şəkildə bildirilir ki, relsə yaxın minimum 24 metrlik ərazidə heç bir tikili ola bilməz. Ancaq sanki bu tələb bəzi rayonlara aid edilməyib. Demək olar ki, dəmiryolu vağzalından başlayaraq, xətt boyu evlər relslərin düz dibində tikilib. Başqa sözlə, bəzi evlərin qapısı elə birbaşa qatar xəttinə açılır.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Keşlə sakinləri uzun illərdir həmin evlərdə yaşayır. Deyirlər ki, əvvəllər bu tikililər az olub, zamanla artaraq bir məhəllə halını alıb. Hazırda isə bu mənzərə “Şanxay” kimi tanınan xaotik görüntünü xatırladır. Ərazidə nə yol, nə kanalizasiya sistemi, nə də digər infrastruktur var. Əvəzində isə ağır yüklə və ya sərnişinlərlə hərəkət edən qatarların bir addımlığında uşaqlar oynayır, insanlar yaşayır.

Sakinlər bildirir ki, bu evlərin heç birinin çıxarışı yoxdur. Ərazidə yaşayanların demək olar ki, yalnız qeydiyyatı var.

2018-ci ildə ərazidə müəyyən qədər evin söküntüsünə başlanılsa da, proses yarımçıq qalıb.

Əslində, indi orada yaşayanların əksəriyyəti faktiki olaraq şəraitsizlik və lazımi infrastrukturun olmaması səbəbindən narahatdırlar. İnsanların bir çoxu yeni və təhlükəsiz məkanda yaşayışa üstünlük veridiklərni bildirirlər.

Qeyd edək ki, sənədsiz, tamamilə qeyri-qanuni tikilən və dəmir yolu xəttinin bir addımlığında yerləşən bu yaşayış məntəqələri həm uşaqlar, həm də böyüklər üçün təhlükə mənbəyidir.

Burada hər an qəzalar baş verə, insan həyatı risk altında qala bilər. Eyni zamanda, ərazidə lazımi infrastrukturun, yol və kanalizasiya sistemlərinin olmaması vəziyyəti daha da ağırlaşdırır. Bu real təhlükələri nəzərə alaraq, dərhal vəziyyətə uyğun və effektiv addımlar atılmalı, dəmir yolu mühafizə zonasında qanunvericiliyə uyğun təhlükəsizlik tədbirləri təmin edilməlidir. Beləliklə, həm sakinlərin həyatı qorunacaq, həm də şəhərin ümumi görünüşü müasirləşərək, təhlükəsizliyi təmin ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
0
2
nocomment.az

2Mənbələr