İtaliyanın "Milan" və "Komo" klubları müdafiəçi Malik Tiavın transferi ilə bağlı razılıq əldə ediblər.
90deqiqe.Az-ın “Football Italia”ya istinadən verdiyi məlumata görə, futbolçunun özü bu keçidə hələlik müsbət yanaşmır və təklifi qəbul edib-etməmək barədə düşünür.
"Şalke" akademiyasının yetirməsi olan 23 yaşlı futbolçu son üç mövsümdə "Milan"ın formasını geyinib. Müqavilənin bir hissəsi kimi, forvard Alvaro Moratanın da "Komo"ya keçidi nəzərdə tutulur. Əgər bu transfer də gerçəkləşərsə, "rossoneri" 35 milyon avro gəlir əldə edəcək. Lakin bəzi mənbələrə görə, Moratanın keçidi almaniyalının qərarından asılı olmayaraq baş tuta bilər.
"Komo"nun baş məşqçisi Sesk Fabreqas artıq futbolçu ilə danışıq aparıb, lakin Tiav şəxsi müqavilə şərtlərini qəbul etməyə tələsmir.
Qeyd edək ki, Tiav ötən mövsüm bütün turnirlərdə 31 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə edib və 3 sarı vərəqə alıb. Onun "Transfermarkt" portalına görə bazar dəyəri 18 milyon avrodur.