AZ

Manatın avro qarşısında ucuzlaşmasının səbəbİ AÇIQLANDI

2025-ci il iyulunda ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0427 manat təşkil edib. Rusiyanın 100 rublu 2,1663 manata kimi ucuzlaşıb, avro isə 2,0054 manatadək bahalaşıb.

Maraqlıdır ki, avronun son günlər bahalaşması ölkə iqtisadiyyatına necə təsir edir?

İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, manatın uzun fasilədən sonra avro qarşısında 2 manata qədər ucuzlaşmasının əsas səbəbi, dolların dünya bazarında avroya qarşı zəifləməsidir:

“Bildiyiniz kimi, Azərbaycan manatı dollara fiks rejimindədir və uzun müddətdir ki, 1.70 məzənnəsi ilə sabit saxlanılır. Dolların dünya bazarında digər valyutalara qarşı məzənnəsi dəyişdikcə, manatın da həmin valyutalar qarşısında məzənnəsi dolayı yolla dəyişir. Sadə dillə desək, əgər dollar maşındırsa, manat onun qoşqusudur. 

Dollar sürətlənərsə, manat da onunla birgə irəliləyir. Dollar zəifləyərsə, manat da digər valyutalara nisbətdə zəifləyir. Dolların ucuzlaşmasına iki əsas səbəb var. 

Birincisi, ABŞ-nın bir sıra ölkələrlə hələ də davam edən ticarət münaqişələri və bunun yaratdığı qeyri-müəyyənlikdir. 

Digəri isə ABŞ-da dövlət büdcəsinin kəsirinin artacağı və dövlət borcunun yuxarı həddə çatacağı ilə bağlı narahatlıqlardır. Bu iki amil nəticəsində dollar zəifləyir və bu da dolayısı ilə manata təsir göstərir”.

Ekspert qeyd edib ki, ümumiyyətlə, manatın ucuzlaşması inflyasiya baxımından sosial problemlərə səbəb olsa da, ixrac baxımından müəyyən müsbət təsirlərə malikdir:

“Manatda ixrac olunan məhsulların daha ucuz başa gəlməsi onların rəqabət qabiliyyətini artırır. Beləliklə, manatın digər valyutalara nisbətdə ucuzlaşması ixracın qiymətini aşağı salaraq onu stimullaşdırır. Manatın dəyərsizləşməsinin başqa bir aspekti isə hazırda yay tətili dövründə turizm səfərlərinə çıxan və xüsusilə Avrozonada istirahət etmək istəyən şəxslərin xərclərinə təsir etməsidir. Bu cür səfərlər manatla daha baha başa gəlir və vətəndaşlar üçün əlavə maliyyə yükü yaradır. 

Manatın avro, rubl və digər valyutalara qarşı ucuzlaşması həmin valyutalarda alınan məhsulların və xidmətlərin qiymətini artırır. Uzun müddət ərzində inflyasiyanın aşağı səviyyədə qalmasının əsas səbəbi dolların möhkəmliyi idi. Lakin indi əks proses baş verir dollar zəifləyir, manat da onunla birlikdə dəyər itirir və nəticədə idxal olunan malların qiyməti yüksəlir”.


Leyla Turan 
Demokrat.az
Seçilən
15
40
demokrat.az

10Mənbələr