Emi Karlon ABŞ-nin Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olunub.
O, ABŞ-nin Azərbaycandakı səfirliyində missiya rəhbərinin müavini vəzifəsini 23 iyun 2025-ci ildə öz üzərinə götürüb.
News24.az yeni müvəqqəti işlər vəkili Emi Karlonun dosyesini təqdim edir:
"Emi Karlon Oklahoma Universitetində biznesin idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsinə və Harvard Universitetinin Con F. Kennedi adına Dövlət İdarəetmə İnstitutunda Dövlət siyasəti ixtisası üzrə magistr dərəcəsinə yiyələndikdən sonra 1999-cu ildə ABŞ Dövlət Departamentində diplomatik xidmət əməkdaşı kimi işləməyə başlayıb. İyun 2020-ci ildə Milli Müdafiə Universitetinin Eyzenhauer adına İnstitutunda Milli Resurs Strategiyası ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
Emi Karlon iyun 2022-ci ildən avqust 2024-cü ilədək Diplomatik Xidmət İnstitutunun Siyasi Təlim bölməsinin direktoru işləyib. Onun son təyinatlarına Şərqi Asiya və Sakit Okean Məsələləri Bürosunda Avstraliya, Yeni Zelandiya və Sakit Okean Adaları idarəsində direktor müavini (2020-2022), ABŞ-nin Yunanıstandakı səfirliyində siyasi müşavir vəzifələri (2016-2019) daxildir.
E.Karlon İndoneziya, Avstriya, Rusiyada, habelə Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda, Qlobal Kadr İdarəetmə Bürosunda, eləcə də Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə Məsələləri Bürosunda xidmət edib./modern