"Qəbələ" Futbol Akademiyasının fəliyyətini dayandırması ilə bağlı bu gün yaydığı bəyanat aydın səmada şimşək effekti verdi.
Çünki 20 illik akademiyanın bağlanacağı, bəynatda deyildiyi kimi, "fəaliyyətini məhdudlaşdıracağı" gözlənilmirdi.
Cəmi 5 gün öncə Qəbələdə istedadlı uşaq futbolçuların seçimi keçirilmişdi. 422 uşaq 7 saat 20 oyun ərzində bacarığını göstərib akademiyaya seçilməyə çalışmışdı. Bəs birdən-birə nə baş verdi? Gələcəklə bağlı planlar, uşaq seçimləri hara, akademiyanın bağlanması hara? Məgər süqut etməkdə olan gəmi öz göyərtəsinə yeni sərnişinlər götürərmi?
Əlbəttə, "Qəbələ" Futbol Akademiyasında maliyyə vəziyyətinin ürəkaçan olmadığı çoxdan məlum idi. Klubun sponsorlarının azalması, maddi durumun pisləşməsi barədə "Qəbələ" rəsmiləri ara-sıra mətbuata açıqlamalar verirdilər.
Ancaq unutmaq lazım deyil ki, AFFA tərəfindən "Qəbələ” klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə ötən mövsüm 700 min manat ayrılmışdı.
Özü də AFFA-nın maddi yardımı sonuncu dəfə cəmi-cümlətanı iki ay əvvəl, bu ilin mayında həyata keçirilib. "Qəbələ"nin hesabına illik yardım paketinin yarısı - 350 min manat köçürülüb. Görəsən, qısa vaxt ərzində bu məbləğ hara xərclənib?
Uşaq futbolunun inkişafı ilə bağlı AFFA mütəmadi olaraq klublara yardım göstərir. Bu isə o deməkdir ki, 2025/2026 mövsümündə də "Qəbələ" Futbol Akademiyasına vəsait ayrılacaqdı. Təkcə Premyer Liqada iştirak üçün "Qəbələ" AFFA-dan 2,5 milyon manat yardım alacaq ki, bunun da müəyyən faizi sırf uşaq futbolunun inkişafına yönəldilməlidir.
Təbii ki, klubun başqa gəlir mənbələri də var və olmalıdır. AFFA fürsət düşən kimi, "Qəbələ"yə kömək edib, biganəlik göstərməyib.
Məsələn, ötən il milli komandamızın Estoniya ilə oyunundan öncə Qəbələ şəhər stadionunda rekonstruksiya işlərinə federasiya tərəfindən xeyli pul xərclənmişdi. Eyni zamanda müxtəlif yaş qrupları üzrə Azərbaycan yığmaları Qəbələdə tez-tez təlim-məşq toplanışı keçirlər. Bu zaman da "Qəbələ"yə müəyyən xidmət haqqı ödənilir.
Birmənalı şəkildə qeyd edirik ki, "Qəbələ" Futbol Akademiyasının bağlanması Azərbaycan futbolu üçün böyük itkidir. Biz indi uşaq-yeniyetmə futbolu ilə bağlı əlimizdə olanları qorumalı, tikib-yaratmalı, inkişaf etdirməliyik. Ölkəmizdə cəmi bir neçə futbol akademiyası var idi və öncüllər arasında "Qəbələ" yer alırdı. Bu akademiyanın yetirmələri hansı klubumuzda, hansı yığmamızda yoxdur ki?! "Qəbələ" Futbol Akademiyası Azərbaycan futbolu üçün adi bir akademiyadan daha böyük məna daşıyırdı.
Təəssüf ki, "Qəbələ" rəhbərliyinin gözlənilməz qərarının arxasında nə dayandığını bilmirik...
Klub Premyer Liqada iştirak edəcək, əcnəbilərdən ibarət məşqçilər korpusuna malikdir, legioner futbolçulara külli miqdarda vəsait xərclənir. Yəqin ki, rəhbərlik yeni mövsümün startı ərəfəsində büdcədəki boşluğu doldura bilməyib. Ancaq heç bir halda, qurunun oduna yaş yanmalı deyildi...
Bəlkə də proseslər əksinə cərəyn etsəydi, bir o qədər təəccüblənməzdik. "Qəbələ"nin əsas komandasını Futbol Akademiyasına qurban vermək olar, uşaq futbolunu legioner məşqçilər və futbolçuların da yer aldığı kollektivin güdazına vermək isə heç məntiqəuyğun deyil...