AZ

Bəylər Eyyubovun yeni sirli vəzifəsi – Prezident katibliyi haqda bilinməyənlər

İyunun 30-da Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) rəisi general–polkovnik Bəylər Eyyubov vəzifədən azad edildi. Onun Prezident Katibliyinin rəisi təyin olunması haqda məlumat yayıldı. Amma bu xəbər hələ də rəsmi şəkildə təsdiqini tapmayıb.

Hazırda müzakirələr bu yöndə gedir ki, Prezidentin Katibliyi vəzifəsi varmı. Bu postu bir vaxtlar Eldar Namazov tutub. O, uzun illər mərhum prezident Heydər Əliyevin köməkçisi və katibliyin rəhbəri olub. 1999-cu ilin noyabr ayında E.Namazov istefa verdikdən sonra yerinə Dilarə Seyidzadə təyin olunub. 2019-cu ildə isə Prezident İlham Əliyev D.Seyidzadənin Prezidentin Katibliyinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Bununla yanaşı, dövlət başçısının həmin vaxt digər sərəncamı ilə Prezidentin Katibliyinin rəisi vəzifəsi ləğv edilib.

Bu baxımdan, Bəylər Eyyubovun Prezidentin Katibliyinin rəisi kimi fəaliyyət göstərməsi müzakirələrə səbəb olub. Yayılan məlumat təsdiq və ya təkzib olunmasa da, B.Əyyubovun Vikipediya məlumatlarında artıq bu vəzifəni icra etdiyi göstərilir.

Məlumatı bəzi mənbədən dəqiqləşdirməyə çalışsaq da cəhdlərimiz uğursuz oldu. Bir neçə deputat, başqa məlumatlı sayılan şəxslər sualımızı eşidib ya susdular, ya da məlumatsız olduqlarını dedilər.

Azərbaycanda Prezident Katibliyi nə zaman yaradılıb? İlk rəhbəri kim olub?

Globalinfo.az Azərbaycan Xalq Partiyasının (AXP) sədri, Əbülfəz Elçibəyin prezidentliyi dövründə baş nazir olmuş Pənah Hüseynlə əlaqə saxlayıb. O bildirib ki, həmin dönəmdə Prezidentin Katibliyi vəzifəsi yox idi:

“Lakin bu funksiyanı icra edən prezidentin köməkçiləri vardı. Prezident Aparatı müxtəlif şöbələr arasında paylaşdırılmışdı. Əsasən İşlər İdarəsi və yaxud Ümumi Şöbə katiblik funksiyasını yerinə yetirirdi. Burada da prezidentin 2 köməkçisi var idi: Gürşad Zərbəliyev və Oqtay Qasımov. Prezidentin Mətbuat Xidmətinə isə Arif Əliyev rəhbərlik edirdi. Ümumilikdə katiblik funksiyasını bu şəxslər həyata keçirirdi”.

Seçilən
3
2
editor.az

3Mənbələr