ain.az bildirir, Bakupost saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, may-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib. Bildirilib ki, onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. Ölüm halı qeydə alınmayıb.
Bəs bu mövsümdə qarpız seçərkən nələrə diqqət etməliyik? Hansı hallarda bu məhsul zəhərlənməyə səbəb ola bilər?
Mövzu ilə bağlı qida üzrə ekspert Məshəti Hüseynova Bakupost.az -a açıqlamasında bildirib ki, Azərbaycanda qarpızın xarakterik mövsümü iyulun ortalarından başlayaraq avqust ayını əhatə edir və bu müddətdə yetişən qarpızlar daha təbii, qida dəyəri yüksək və orqanizm üçün faydalı olur:

“Xüsusilə də həssas qrupa aid olan insanlar - azyaşlılar, yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə və süd verən qadınlar məhz təbii mövsümündə yetişən qarpızları istehlak etməlidirlər. Bir çox hallarda mövsümündən əvvəl də satışda qarpıza rast gəlinir ki, bu da adətən, ya xüsusi istixanalarda yetişdirilir, ya da isti ölkələrdən gətirilir. Əgər daşınma və saxlanması zamanı xüsusi kimyəvi maddələrdən və konservantlardan çox istifadə olunmayıbsa, bu qarpızlardan az miqdarda istifadə etmək olar. Ancaq qarpızın ən faydalı xüsusiyyətlərindən yararlanmaq istəyiriksə, bu, məhz yerli və mövsümündə yetişən qarpız olmalıdır. Qarpızın tərkibində əsasən su, A və C vitaminləri, eləcə də antioksidant maddələr zəngin miqdarda olur. Xüsusilə də, likopen maddəsi var ki, bu da orqanizmdə xərçənglə mübarizə apararaq qoruyucu təsir göstərir. Eyni zamanda, kalori dəyəri az olduğuna görə asan həzm olunan qidalar sırasındadır. Liflə zəngin olduğuna görə həzm sisteminə də faydalıdır”.
Ekspertin sözlərinə görə, istixanalarda süni şəkildə və kimyəvi maddələrlə yetişdirilən qarpızların tərkibində çoxlu miqdarda nitrat və digər zərərli maddələr ola bilər:
“Bu cür məhsullar allergik reaksiyalar və həzm sistemində pozulmalar yarada bilər. Qarpızın tərkibində nitratın çox olması bir çox hallarda zəhərlənməyə gətirib çıxarır. Bu səbəbdən təbii mövsümündə yetişən qarpızların qəbul olunması tövsiyə olunur. Əks halda, digər qarpızlar hər orqanizmdə fərqli mənfi təsirlər yarada bilər. Kimyəvi maddələrdən qaynaqlanan köp, şişkinlik, qarın ağrısı, allergik reaksiyalar - səpkilər, qaşıntılar da bu hallara daxildir. Təbii qarpızlar da şəkərlə zəngin olduğuna görə, xüsusilə insulin dirənci olan şəxslər və şəkərli diabet xəstələri onları həddindən artıq miqdarda qəbul etməməlidirlər".
Ekspert həmçinin qeyd edib ki, qarpızın soyudulmuş halda qəbul edilməsi həzm yollarında və mədədə soyuqlama, iltihab yarada bilər:
“Alarkən diqqət edilməlidir ki, qarpız vaxtında və təbii yetişdirilmiş olsun, çox iri olmamalı, parlaq, qırmızı rəngdə, naxışları tam aydın görünən və birbaşa günəş şüaları altında saxlanılmayan olsun. Çünki uzun müddət günəş altında qalarsa, keyfiyyətini itirə, tərkibində dəyişiklik baş verə və bu da sağlamlıq üçün fəsadlara yol aça bilər”.
Lalə Novruz,
BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.