Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bu ayın sonunda Dubayda görüşməyi planlaşdırırlar.
Bu barədə məlumatı Britaniyanın nüfuzlu “Middle East Eye” nəşri yayıb. Məlumata görə, görüşün məqsədi iki ölkə arasında sülh sazişi üzrə danışıqları irəli aparmaqdır.
Qeyd edək ki, mart ayında tərəflər arasında sülh sazişi layihəsi üzrə ilkin konsensus əldə olunsa da, İrəvan rəsmi Bakının əsas və haqlı şərtlərini yerinə yetirməyi ləngidir.
Azərbaycanın irəli sürdüyü əsas tələblər bunlardır:
-Ermənistan konstitusiyasından Azərbaycan ərazisinə istinadların çıxarılması;
-Ermənistandakı Aİ-nin Monitorinq Missiyasının (EUMA) fəaliyyətinə son qoyulması;
-ATƏT-in Minsk Qrupunun rəsmən ləğvi üçün İrəvanıın da müraciət etməsi.
Ekspertlər Dubay görüşünü müsbət əlamət kimi qiymətləndirib və bildirib ki, tərəflər davamlı fikir ayrılıqlarına baxmayaraq əməkdaşlığa meyllidirlər.
“Middle East Eye” yazır ki, Ermənistan baş naziri gələn il keçiriləcək seçkilər ərəfəsindədir. Mütəxəssislər onun səsvermədən əvvəl ölkədə konstitusiya dəyişikliyi üçün referendum keçirməyə vaxt tapmayacağını düşünürlər.
Məqalədə o da qeyd olunur ki, Türkiyə hakimiyyəti də sülh sazişinin tezliklə imzalamasında maraqlıdır. Bu, Orta Dəhliz layihəsinin daha qısa yolla reallaşması üçün əhəmiyətlidir.
Azərbaycanın BƏƏ ilə sıx siyasi və iqtisadi əlaqələrinə toxunan mənbələr bildiriblər ki, Dubay görüşü məhz bu tərəfdaşlıq fonunda gerçəkləşə bilər. BƏƏ iki Cənubi Qafqaz ölkəsi arasında münasibətlərin normallaşdırılmasına dəstək verməyə hazırdır.
Xatırladaq ki, Əliyev və Paşinyan sonuncu dəfə may ayında Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyi sammiti çərçivəsində görüşmüşdülər.
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.