AZ

Bir ədəd limon 2 manat oldu - Fermerlər ağacları kəsməyə hazırlaşırlar

ASTARA, 3 iyul. TELEQRAF

Astara rayonunda sitrusçuluqla məşğul olan fermerlər bu il ciddi məhsul qıtlığı ilə üzləşiblər. Limon bağlarında meyvə demək olar ki, yoxdur və bazarlarda qiymətlər kəskin şəkildə artıb.

Teleqrafın bölgə müxbiri xəbər verir ki, hazırda rayon bazarında bir ədəd limon 2 manata təklif olunur ki, bu da əvvəlki dövrlərlə müqayisədə xeyli bahadır.

Fermerlərin sözlərinə görə, ötən payız və qış mövsümündə limonun qiymətinin 5 qəpiyə qədər düşməsi onu yığmağı belə mənasız etmişdi. Çünki bu satış qiyməti istehsal xərclərini ödəmirdi. Bundan əlavə, qış aylarında müşahidə olunan sərt şaxtalar bir çox limon ağaclarını məhv edib. Nəticədə bağlarda meyvəyə rast gəlinmir.

"Ərazilərin əksəriyyətini şaxta vurdu, məhsul yoxdur. Örtüyün bir metri 2 manatdır. Mən 5 qəpiyə satılan limonu örtüb şaxtadan qoruya bilmərəm. Xərclər çoxdur", - deyə fermer Rəşad Həsənov bildirib.

Hazırda bir çox fermerlər limon ağaclarını şaxtaya daha dözümlü digər sitrus ağacları ilə əvəz etməyi planlaşdırırlar. Mütəxəssislər isə yalnız sentyabr ayında yerli limon sortlarının bazara çıxmasından sonra qiymətlərin stabilləşəcəyini proqnozlaşdırırlar.

Seçilən
23
2
teleqraf.com

3Mənbələr