Hizbullahın Baş katibi Naim Qasım İsrailin Livanın daxili işlərinə qarışa bilməyəcəyini bildirərək, “Silahlarımızı İsrailə təhvil verməyəcəyik” mesajını verib.
Qasım paytaxt Beyrutda Məhərrəm ayı çərçivəsində keçirilən tədbirdəki çıxışında “İsrailin bizim aramızda birgə həll etdiyimiz məsələlərdə söz haqqı yoxdur, o, razılaşmalarımıza nəzarət edə bilməz” deyə bildirib.
Qasım qeyd edib ki, xüsusilə atəşkəsin imzalanmasından sonra İsrail atəşkəsi 3700-dən çox pozub.
Baş katib Qasım Hizbullahın silahsızlaşdırılması üçün edilən təzyiqlərə də sərt reaksiya göstərərək “Təhqir olunmağa razı ola bilmərik, torpağımızı və silahlarımızı İsrailə təhvil vermərik” deyə bildirib.
O, Hizbullahın yalnız Livan üçün deyil, Fələstin, Misir, Suriya, İordaniya və bütün region üçün İsraili strateji bir təhdid kimi gördüyünü vurğulayaraq, “İsrail yalnız bizə deyil, xristianlara, yəhudilərə, amerikalılara və bütün dünyaya qarşı təhlükədir” deyə əlavə edib.
Xatırladaq ki, Hizbullah Baş katibi iyunun 29-da verdiyi açıqlamada da İsrailin Livanın cənubuna qarşı hücumlarını davam etdirdiyi bir şəraitdə Hizbullahın silahdan imtina etməsinin mümkün olmadığını bildirmişdi.