BAKI, 3 iyul. TELEQRAF
Ağdam, Füzuli Və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi Ağdam rayonunun Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində yaşayış məntəqələrinin işçi layihələrinin hazırlanması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə 3 aylıq müqavilə bağlayıb.
Teleqraf xəbər verir ki, müqavilənin dəyəri 336 min 300 manatdır. “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu müvafiq işlərə mayın 26-dan başlayıb, avqustun 26-a qədər bitərəcək.
Qeyd edək ki, Ağdam, Füzuli Və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi "Nerma Linsberger ZTGMBH" şirkəti ilə 1 milyon 262 min 272 manatlıq müqavilə də bağlayıb. "Nerma Linsberger ZTGMBH" şirkəti bu məbləğ qarşılığında Ağdam şəhərinin 1-ci yaşayış məhəlləsinin tikintisi üzrə layihələndirmə işlərini həyata keçirəcək. Müvafiq işlərin icrasına mayın 30-dan başlanılıb, gələn ilin mart ayının 31-ə qədər bitməyi nəzərdə tutulur.
Xatırladaq ki, ilin əvvəlindən bu yana Ağdam, Füzuli Və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi işğaldan azad olmuş ərazilərdə təmir-tikinti, eyni zamanda layihələndirmə işləri ilə bağlı müxtəlif şirkətlərlə ümumilikdə 160 milyon 244 min 150 manat dəyərində 32 müqavilə bağlayıb.