"Xankəndi uzun illərdir yalnız geosiyasi ziddiyyətlərlə deyil, həm də Azərbaycan xalqının ədalət, haqq və ərazi bütövlüyü uğrunda mübarizəsinin simvoluna çevrilmişdir. İndi isə məhz Xankəndidə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XVII Zirvə Görüşünün keçirilməsi, təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının tarixində mühüm siyasi hadisə kimi yadda qalacaq”.
Bunu Hafta.az-a “Səs” qəzetinin baş redaktoru, siyasi şərhçi Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki, Zirvə görüşünün rəmzi mənası təkcə protokol, diplomatik görüşlər çərçivəsində yox, qürurun, suverenliyin, qayıdışın və sarsılmaz iradənin təcəssümüdür:
"Xankəndi 30 ildən sonra təkcə hərbi yox, siyasi baxımdan da Azərbaycanın nəzarətində olduğunu göstərir. Bu, dünya ictimaiyyətinə açıq bir mesajdır: Qarabağ məsələsi bitmişdir, Azərbaycan öz torpağında tam hüquqlu, suveren dövlətdir".
Ekspert əlavə edib ki, Zirvə çərçivəsində əsas diqqət bölgədə post-münaqişə dövründə bərpa və quruculuq işlərinə, İslam dünyasının birliyinə, Ermənistanın mina terroruna, mədəni irsin bərpasına və regional əməkdaşlığa yönələcək:
“Hesab edirəm ki, əsas müzakirə mövzuları Post-münaqişə dövründə Azərbaycanın təqdim etdiyi model - azad olunmuş ərazilərdə “ağıllı şəhərlər”, “yaşıl enerji” və sosial reinteqrasiya strategiyası; İslam mədəniyyətinə qarşı erməni vandalizmi - məscidlərin təhqiri və dini abidələrin dağıdılması faktları; İslam həmrəyliyinin gücləndirilməsi və Ermənistanın İslam dünyasına qarşı törətdiyi cinayətlərin siyasi qiymətləndirilməsi; İƏT çərçivəsində iqtisadi layihələrin Qarabağa inteqrasiyası və Xankəndinin beynəlxalq platformalarda aktiv mövqeyə cəlb olunması ola bilər. Zirvədə dünyaya hansı mesajların veriləcəyinə gəlincə, bu Zirvə Azərbaycan diplomatiyasının qətiyyətli, prinsipial və hücum xarakterli siyasətinin göstəricisidir. Azərbaycan güclü dövlətdir və ərazi bütövlüyünü bərpa edib. Xankəndi artıq yalnız siyasi deyil, beynəlxalq əməkdaşlıq və inkişaf məkanıdır, İslam aləmi Azərbaycanın yanında dayanır və Qarabağdakı ədalətsizliklərə qarşı vahid mövqe formalaşdırılır kimi mesajlar veriləcəkdir.
Bir sözlə, bu tədbir sadəcə beynəlxalq konfrans deyil, Azərbaycanın haqq işinin qələbəsinin beynəlxalq səviyyədə təsdiqi, İslam dünyasının həmrəyliyinin təntənəsi, regionda yeni reallıqların tanınmasının zirvəsidir. Azərbaycan bu Zirvə ilə dünyaya deyəcək ki, - biz öz torpağımızdayıq və burada sülh, inkişaf və əməkdaşlıq qururuq".