BAKI, 3 iyul. TELEQRAF
Mərhum aktyor Azər Baxşəliyevin bu gün 40 yaşı tamam olur.
Azər Baxşəliyevin yaxın dostu, aktyor Elşən Orucov Teleqraf-a açıqlamasında mərhumla bağlı xatirələrini bölüşüb.
O qeyd edib ki, Azər Baxşəliyev həyatdolu və pozitiv insan idi: "Ən çətin anında belə gülürdü. Bilirsiniz ki, Azərin son günündə də biz birlikdə Yeni ili qeyd edirdik. Bizdən ayrıldıqdan təxminən bir saat sonra bu hadisə baş verdi. Azər haqqında çox xatirələrimiz var. Birlikdə çox gözəl günlər keçirmişik. Ən çox kədərləndirən isə onun bu qədər tez dünyasını dəyişməsidir. Onun ölümü bizim üçün çox ağırdır. Baxmayaraq ki, əlimizdən gələni edirik, onun yeri heç vaxt dolmur. Onun qızı bizim qızımız kimidir, əmi kimi yanındayıq. Azərin yoxluğuna öyrəşmək mümkün deyil".
Onun sözlərinə görə, Azər Baxşəliyev xaraktercə fikirlərini bölüşən insan olmayıb.
"Azər hisslərini büruzə verən deyildi. Hər zaman üzündə təbəssüm var idi. Həmişə ən çətin problemlərə belə gülərək yanaşırdı. Xəstəliyini də eyni şəkildə qarşıladı. İnanıram ki, o, bizi eşidir və hiss edir ki, onun üçün çox darıxırıq. Azər bu gün aramızda yoxdur. Onun yoxluğuna hələ də öyrəşə bilməmişəm. Bəlkə də zamanla hər şey yoluna düşər. Amma Azər haqqında danışmaq mənim üçün çox çətindir. Allah ona rəhmət etsin. Məkanı cənnət olsun. Cənnətdəki ilk doğum günü mübarək olsun. İnşallah bir gün yenidən görüşəcəyik".
Aktyor, həmçinin Azər Baxşəliyevin xatirəsinə həsr edilən klipdən də danışıb: "Sınıq Pəncərə" klipini müğənni Hissin ifasında Azərə həsr etdik. Onun ölümündən sonra belə bir layihə üzərində düşündük. Tərlan Məmmədhüseynovla tez-tez görüşürdük, gözəl bir mahnı ərsəyə gətirmək istəyirdik. Bu işdə Rafael Şabanov, müğəni Elçin Cəfərov, Fərman Bəşirli və Hiss bizə dəstək oldular. Klipin bütün heyəti təmənnasız çalışdı. Onlara təşəkkür edirəm. Bu klip bizim üçün bir təsəllidir".
Elşən Orucov onu da qeyd edib ki, Azər Baxşəliyevin arzusu qızı ilə bağlı olub.
Qeyd edək ki, aktyor bu il yanvarın 1-də böyrək çatışmazlığından xəstəxanada vəfat edib. O, ailəli idi və bir qızı var.