BAKI, 3 iyul. TELEQRAF
Dünya birjalarında neftin qiyməti iki həftənin ən böyük qazancından sonra yenidən düşməyə başlayıb. ABŞ-nin ticarət tərəfdaşları ilə bağlı qərarı, OPEC+un həftəsonuna planlaşdırılan toplantısı bazara təsir göstərib. Nəzərə alsaq ki, İran-İsrail arasında yaşanan geosiyasi gərginlikdən sonrabazarın sabitliyi sual altında qalıb, bu proseslərin OPEC-in iclasında qəbul olunacaq qərarlara necə təsir göstərəcəyi investorların narahatlıqlarını artırıb.
İqtisadçı-ekspert İlham Şaban Teleqraf-a açıqlamasında bildirdi ki,OPEC+ qlobal neft bazarında alqı-satqı həcmlərini və riskləri daim monitorinq edir və qabaqlayıcı tədbirlər görür. Bu sayədə neft qiymətlərində kəskin dalğalanmaların qarşısı alınır:
"9 ildən çoxdur bazarda qiymətlərdə gözlənilməz hal müşahidə olunmur. Yeganə istisna 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi zamanı yaranan fors-major vəziyyət olub. O dövrdə enerji ticarət zənciri qısa müddətdə pozulduğu üçün neft qiymətləri 130 dollara qədər yüksəlmişdi.
Hazırda isə London birjasında Brent markalı neftin 1 bareli 68,6 dollardan ticarət edilir ki, bu da İran-İsrail müharibəsi ərəfəsindəki vəziyyətə qayıdışdır".
O, əlavə edib ki, İran və İsrail arasındakı gərginlikdən sonra bazarda neftin qiyməti qısa müddət ərzində 75-80 dollar civarında olsa da, artıq qiymət stabildir.
İlin birinci yarısında "Brent" neftinin orta qiyməti təxminən 69 dollar olub və ekspert bunu bazar üçün komfortlu səviyyə sayır:
“Nə bahadır, nə də ucuzdur, istehlakçılar üçün əlçatandır.İlin ikinci yarısında da neft qiymətlərinin 65-70 dollar aralığında olacağı proqnozlaşdırılır".
Azərbaycanın neft ixracına gəlincə, İlham Şaban vurğulayıb ki, ilin birinci yarısı üçün ölkənin orta ixrac qiyməti 70 dollardan yuxarıdır. Maliyyə Nazirliyinin yaxın zamanda dəqiq rəqəmləri açıqlayacağı gözlənilir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanaraq ekspert bildirir ki, büdcə üçün hazırda heç bir təhlükə yoxdur və hökumət gələcəkdəki risklərə hazırlıq görür.